Bakcell istifadəçilərindən ildə 46 milyon manat oğurlayır?

Bir neçə gün öncə Bakcell’in CINeration tarifinə qoşuldum. İnternet tərəfi maraqlı olduğundan o paketi seçdim, gündə 5 qəpiyə 25 Mb internet verdiyi bildirilirdi. Mən isə 4 azn-ə 600 MB internet istifadə edirdim və CINeration tarifinin bundan xeyli sərfəli olduğu görünürdü. Oktyabrın 12-si CINeration tarifinə qoşuldum. Gündəlik 25 yox, 50 Mb internet verdi və 5 qəpik balansdan tutuldu. 2-3 gün belə davam elədi, sonrasında gündəlik 25 Mb balans verildi. Dedim ok, ola bilər yeni qoşulduğuma görə ilk günlər ikiqat verib, artıq normaya düşdü, gündə 25 Mb balans verir. Həmin gündən hər gün 25 Mb istifadə edirəm. Dünən təsadüfən bildirişə baxanda gördüm yazılıb ki, gündəlik 25 Mb balans üçün 10 qəpik xidmət haqqı çıxıldı. Deməli neçə gündür xəbərim olmadan 5 qəpik artıq çıxılır.

Təbii ki, burada söhbət 5 qəpikdə deyil, söhbət 46 milyon manatdadır. Bakcell istifadəçilərinin sayının 2.5 milyon olduğu qeyd olunur. Gündə hər istifadəçidən 5 qəpik oğurlansa bu, ildə 46 milyon manat edir. Belə bir şey doğurdan da varmı? Bakcell’in Twitter hesabına bununla bağlı yazdım, cavab gəldi ki, o 50 Mb balans kampaniya idi, bitdi (halbuki mənim bundan xəbərim olmayıb). Soruşuram bəs 5 qəpik niyə 10 qəpik olub? Deyir kampaniya idi.

İndi sual yaranır ki, kampaniya bitirsə sms-lə bunu istifadəçiyə bildirmək olmazmı? Üstəgəl, Bakcell Facebook səhifəsində Kampaniya haqda məlumat verir və kampaniyanın 1 sentyabr-dan aktiv olduğunu bildirir. Amma nə vaxt bitəcəyi qeyd olunmayıb.

Digər tərəfdən problemin tək mənim problemim olmadığı Bakcell’in Facebook səhifəsinə baxanda da görmək olur, son günlərdə yüzlərlə istifadəçi şərh yazıb eyni şeyi soruşur ki, internet balansım niyə azaldı, kampaniya nə vaxt bitdi, niyə xəbərimiz olmadı və s. Demək Bakcell informasiya çatdırmaqda boşluq edib ki, bu da istəyərək və ya istəmədən insanların cibinə girməsinə səbəb olub.

Mən bildirişə fikir verməsəydim nə vaxtadək mənim balansımdan artıq pul çıxılacaqdı, Allah bilir.

Bakcell’lə bağlı yaranmış bir problem haqda bir müddət öncə yazmışdım amma orda Bakcell’i çox ittiham etməmişdim. 11 ildir Bakcell istifadəçisiyəm və heç vaxt nömrəmi dəyişməmişəm. Baxayaraq ki, uzun illər Bakcell’in zəng keyfiyyəti Azercell’dən geri qalırdı (indi məncə çox fərqlənmir), internet və danışıq tarifi NarMobile’dən dəfələrlə geri qalır, heç vaxt nömrəmi dəyişməmişəm. Hətta nömrə daşınması xidməti aktiv olduqdan sonra da (ki, nömrə eyni qalmaqla başqa operatora keçmək mümkündür artıq). Bu, mənim Bakcell’ə sadiqliyimdən irəli gəlir. Amma əvəzində Bakcell’in mənim cibimə girməsinə nə ad verək?

İndi bir məsələ maraqlıdır ki, Bakcell ildə 46 milyon manat istifadəçilərindən bu yolla oğurlayırmı? Bunun belə olmadığına inanmaq istəyirəm, bu barədə açıqlama olmalıdır.

P.s. Prosesin necə yekunlaşdığı haqda da yazacam.

Müəllif: Orxan Rzayev

Mənbə: http://orkhanrza.com/