''Bağlanırıq'' deyən mağazalar niyə bağlanmır?

Bu dəfəki bloq yazımda Sizlərlə günümüzün ən aktual mövzularından, daha dəqiq milli bazarda qeyri-etik biznes taktikasından bəhs edəcəyəm. Bir istehlakçı olaraq hər birimiz mağazalarda “Bağlanırıq”, “Köçürük – nə alsan 10 AZN”, “Likvidasiya – hər şey maya dəyərinə” kimi sözlərlə rastlaşırıq. Şəhərin ən səs-küylü yerində bu cür mağazaların gün-gündən çoxalması məndə şübhə doğurdu. Məsələni araşdırmaq qərarına gəldim. Avropa timsalında bu cür elanları əksər vaxtı bazarda doğru mövqe tuta bilməyən, başqa strateji yer tapıb köçən və ən pis halda iflasa uğrayan mağazalar istifadə edir. Lakin, Azərbaycan bazarında bu cür mağazalar barədə araşdırma apardıqda isə nəticə məni bir xeyli təəccübləndirdi.

Əslində vəziyyət belədir…

“Sahibkar” mağazaya hər alıcının görə biləcəyi ölçüdə Bağlanırıq yapışqan hazırladaraq şüşəyə yapışdırır. Məqsəd, istehlakçıda yanıldıcı süni ehtiyac yaradaraq onu mağazaya daxil olmasına məcbur etməkdir. Ümumiyyətlə, dünya bazarında istehlakçıların öz təbii istəkləri üzərinə qurulmayan bütün növ fəaliyyətlər qeyri-etik biznes taktikalarına aid edilib. Və hər özünə hörmət edən şirkət və sahibkar bu kateqoriyadan olan gedişlərdən mütləq və mütləq çəkinir. Şərti bağlanan mağazadakı məhsulların qiymətləri isə simvolik dəyişikliklə, təqribən -10% endirimlə qiymət dəyişimi edilir ki, loyal müştəri olsa belə bağlanırıq effektini hiss eləsin. Əlqərəz, əldə qalan bütün məhsullar satıldıqdan sonra sahibkar planın ikinci mərhələsinə keçir. Çox cüzi maddi sərfiyyatla mağazanın adı dəyişdirilir. Məsələn, “A” Geyim mağazası bağlandığını söyləyir. Daha sonra mağaza 3 günlüyünə şərti bağlanır və şüşələrinə qəzetlər düzülür ki, içəri görünməsin. Daha dəqiq, bunu müştərilərin inanmaq hissini gücləndirmək üçün edirlər, əslində isə eyni məhsullar içəridə olduğu kimi qalır. Təxminən 3-4 gündən sonra “A” Geyim Mağazası ad dəyişdirərək, “B” Hər növ geyim adı alır. Korporativ rənglər və mağaza daxili rəflərin düzülüşü isə dəyişilir.

Walaa.. bu da yeni mağaza!

Təbii ki, diqqətli alıcı satıcıların, məhsul markalarının eyni olduğuna diqqət edərsə, hər şey ona gün kimi aydın ola bilər.

Haşiyədən kənar:
Bağlanırıq yazan bir mağaza təxminən bir ay bu yazını saxladıqdan sonra şüşədəki yazını çıxardır və heç bir dəyişiklik etmir. Sahibkardan soruşanda ki:

  • Cənab filankəs bəs bağlanırdınız axı nə oldu?
  • Cavab isə gözlədiyimdən də kreativ oldu:
  • Vəziyyət ağır idi. Yazdıq ki, bağlanırıq, müştərilər çoxaldı. Alver gücləndi. Əmməlicə dirildik. Ta neynirəm bağlayıb, gül kimi iş gedir.

Nəticə:
Qısa təhlil nəticəsində məlum oldu ki, ümumiyyətlə müştərilər son zamanlar “Bağlanırıq” yazısına demək olar ki, inanmırlar. Fikrimcə, bu cür gedişlərlə müştəri cəlb etməyi düşünə bilən “sahibkar” beyni, daha uğurlu marketing taktikası da qura bilər. Çox təəssüf ki, hələ ki, qara palçıqlı yollarla addımlayırıq.

Tövsiyyə:
Mağazasını həqiqətən bağlanan sahibkarlar isə şüşələrinə “Vallah Billah Bağlanırıq” yaza bilərlər.

 Müəllif: Ramil Cabbarov

Mənbə: http://ramiljabbarov.com