Azərbaycanda Facebook populyarlığını niyə itirir?

Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-avqust aylarında 6,9 faiz aşağı düşüb. Bu barədə “Global Stats” statistika mərkəzinin araşdırması zamanı məlum olub.

Belə ki, “Facebook”-un Azərbaycan bazarında avqustun sonuna olan payı 82 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,5 faiz azdır. 2015-ci ilin ilk 8 ayının yekununa görə, Azərbaycanda sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə olan “Twitter” auditoriyasında 67,1 faiz artım qeydə alınıb.

“Twitter” sosial şəbəkəsinin 2015-ci il avqustun 31-nə ölkə bazarında payı 9,41 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4 dəfə çoxdur. 2,35 faizlik payla üçüncü yerdə “Pinterest” qərarlaşıb. Daha sonra “Tumblr” (1,98 faiz), “Vkontakte” (1,25 daiz), “Google+” (1,24 faiz), “StumbleUpon” (0,34 faiz) və başqaları gəlir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz AzVision.az-a açıqlamasında bildirib ki, yay aylarında nəinki sosial şəbəkələrdə, ümumiyyətlə internetdə aktivlik azalır.

O.Gündüz vurğulayıb ki, ölkəmizdə son dövrlərdə, xüsusilə də I Avropa Oyunlarından sonra “Twitter” sosial şəbəkəsindən daha çox istifadə olunur: “I Avropa Oyunları ərəfəsində Azərbaycanda “Twitter”-dən istifadə ən yüksək həddə çatmışdı. Bundan sonra ölkəmizdə “Twitter”ə olan marağın artması gözlənilən idi. Ümumi aktivliyin aşağı olması yəqin ki, daha çox yay ayları ilə bağlı ola bilər. Həmçinin “Facebook”da aktiv olmayan istifadəçilərin, 100-200 minlik istifadəçiləri olan səhifələrin çoxu saxta idi. Onlar heç də aktivlik nümayiş etdirmirdi.

Hazırda “Facebook” tərəfindən saxta səhifələrin və aktiv olmayan profillərin silinməsi davam etdirilir. Həmçinin böyük üzvü olan səhifələrdə olan saxta profillərin silinməsi də fəallığın aşağı düşməsinə təsir edir”.

Mənbə: http://azxeber.com