Azərbaycan iş dünyasının iki mənfi xüsusiyyəti

Azərbaycan iş dünyasının iki mənfi xüsusiyyəti
605

Mobil texnologiyanın istifadəsi dünyaya paralel formada ölkəmizdə də təkmilləşir. İnsanımız, artıq, yeniliyi çox sürətli mənimsəyir və onu həyatının ən əhəmiyyətli hissəsinə çevirir. Lakin, onların tərgitmədiyi bir davranış var: telefondan lazımınca istifadə etməmə. Yəni, hələ də əlində ən bahalı smartfonu gəzdirən birisi aşağıdan yuxarı qışqıraraq, ya da siqnallayaraq adam çağırır. Ancaq, mənim sözümün canı o deyil, sözümün canı iş adamının və ya qadınının əlindəki telefona cavab verməyə cəhd eləməməsi və ya yazılan ismarişə biganə qalmasıdır.

İşlədiyim 4 ilə yaxın müddətdə çoxlu sayda menecer ilə ünsiyyətim olub. Əksərən iş münasibətləri olan bu ünsiyyətlərimdə onların əksər hissəsi yazılan mail-ləri və ya edilən zəngləri cavabsız qoyublar. Bu da azmış kimi, “geri dönməyiblər” də. Hətta bir dəfə tərəfdaşımız mailləri sadəcə müəyyən kəsimdən aldığını, geri qalanların isə (biz də geri qalanların içərisində idik) “filter”dən keçmədiyini qeyd etmişdi. Bir başqa hadisədə isə, hazırladığımız anketi təsdiqlətmək üçün lazım olan şəxsə xeyli gec çata bildik, təbii ki, işin başlanması da gecikdi. Daha bir tərəfdaşım isə, telefonlarıma tam 3 aya yaxın cavab vermədi (şəxsi və iş mobil telefonu, mail, şəhər nömrəsi), iş də elə o qədər uzandı. Bu cür cavabsızlıq sendromunu tanış olduğum əksər menecerlərdə rastlamışam.

Həmin insanların arqumentləri arasında “tanımadığım nömrəni açmıram”, “iclasdayam”, “əlimdə işim var”, “uyğun yerdə deyiləm” kimi bir çox cavab var. Belə bir sual çıxır onda da: “Bütün ömrün bu cürmü keçir?” (“sonra yadımdan çıxdı” cavabı qeyri-etik və qeyri-peşəkardır.) Mən bu məsələlər üzərindən mövcud vəziyyətə uyğun müəyyən ehtimallar düşündüm ki, daha çox halda cavabın ehtimallarımda gizləndiyinə əminəm.

İlk əvvəl, bu cür davranış insanın işə qarşı biganə münasibətdə olduğunu göstərir. Belə ki, birisi iş görüşmələrində əgər işi öz öhdəsinə götürürsə, deməli bütün zənglərə və yazışmalara açıq olmalıdır. Çünki, məsələ şirkətin fəaliyyətidir. Müştəri çox vaxt anlamır ancaq, işin düzgün getməsi hər iki tərəfə həm zaman, həm keyfiyyət, həm də maliyyə qazandırır (reputasiyanı hələ demirəm).

İkinci məsələ, veriləcək cavabın olmaması və ya zaman qazanmaqdır. Bu hal daha çox ödəmə vaxtı gələndə baş verir. Şirkət rəhbərliyi və işçi heyəti arasındakı qopuqluq və məsuliyyətsizlik nəticədə bu cür vəziyyətə gətirib çıxardır. İşçi düşünür ki, “açıb nə deyəcəm?! Nə qarşımdakı, nə də müdirim məni anlamır, qalmışam ortada. Ən yaxşısı, cavab verməməkdir. Güya işim var.” Beləcə, qarşı tərəfi intizarda qoyaraq “ümid” içərisində əmək fəaliyyəti davam etdirilir.

Üçüncü məsələ də, yenə alacaq-verəcək söhbəti olanda baş verir. Bu məsələnin adı isə, GİZLƏNMƏKdir. Yəni, cavab verməli olan qarşıdakı şəxsi bezdirib ondan qurtulmaq istəyir. Yazıb-yazıb (dayanmadan zəng edib) axırda bezəcək düşüncəsi ilə ünsiyyət vasitəərindən özlərini qoruyurlar. Bu cürləri çox təhlükəlidir. Çünki, söz verib üstündə durmamaqla işi idarə etdiklərini düşünürlər və beləcə başqalarının üzərindən dolanırlar. Ya da ki, eyni vaxtda bir neçəsinə söz verən həmin “iş insanları” daha sərfəli olanı və ya daha güclü olanı prioritet edirlər.

İş dünyamızdakı digər mənfi xüsusiyyət isə, qeyri-dəqiq informasiyadır. Yəni, 20 günə deyir, 1 ay 20 günə, gələn həftə deyir 3 həftə sonra və s. iş yarımçıq həll olunur. Ya da ki, “nə vaxt görüşə bilərik?” soruşursan, “yığacam sənə indi” deyir, sən də nə baharlar aşırdırsan. Bunun kökündə isə, düşünürəm ki, iki səbəb var: ya plansız iş; ya da ki, dolamaq! Hər iki halda iş adamına yaraşmayan xüsusiyyətdir. İş planı və yol xəritəsi olmayan şəxslər həmişə digər işlərin çıxmasından, ya da sözünün üstündə dura bilməməkdən qorxurlar. Amma, bu cür verdikləri sözlər də əksər hallarda doğru çıxmır. Nəticədə isə, “diribaş menecer” kimi müdirin baş tacı olurlar.

İş dünyamızdakı bu cür rəftar cəmiyyətimizin inkişafındakı ən böyük əngəllərdəndir, mənə görə. İmtina etmədikcə, peşəkarlıqdan danışmaq, ölkəmizin geridə qaldığından gileylənmək olmaz. Unutmayaq ki, biznes insandan başlayır, ona sayğısızlıq göstərəndə “keser döner, sap döner” söhbəti… :)

Müəllif: Qədir Davudov

Mənbə: https://gadirdavudov.wordpress.com