Artırılmış Reallıq (bundan sonra AR) post modern çağın marketing və tanıtım fəaliyyətlərinə yön verəcək ən effektiv proqramlaşdırma innovasiyasıdır. AR-ı, daha geniş istifadəçi təcrübəsinə nail olmaq üçün, real həyatın və rəqəmsal informasiyanın vəhdət halında bir yerdə toplanılması və real həyatda mövcud olmayan obyektlərin mövcud reallığa transfer edilməsi kimi tərif etmək olar. Qısaca qeyd etmək olarsa, AR, real həyata virtual obyektlərin əlavə edilməsidir.
AR, təhsildən biznesə, əyləncədən səyahətə, insan həyatının əksər məqamlarında istifadə ediləcək və həyatı daha faydalı vəziyyətə gətirəcək yenilikdir. Ən yeni dövrdə, AR vasitəsi ilə biznes fəaliyyətlərində effektivliyin artırılması, xərclərin azaldılması və müştərilərin sayında artışlara nail olunması mümkün olmaqdadır.
Əlinizdəki bu təlimat kitabcası ilə Sizin Artırılmış Reallığa dair məlumatlılığınızın artırılması hədəflənmişdir.
Artırılmış Reallığın qısa tarixi
AR, hər nə qədər son vaxtların ən effektiv virtual vasitəsi olsa da, yaranması 20-ci əsrin ortalarına təsadüf edir. Artırılmış Reallığın ortaya çıxması, 1962-ci ildə, kinomatoqrafiya operatoru Morton Heylinq tərəfindən hazırlanan Sensorama Simulatoru (Gələcəyin Kinoteatrı) ilə əlaqələndirilir. Lakin, ilk AR sistemi 1968-ci ildə, İvan Suterland tərəfindən ixtira edilmişdir. Miroa Kruger isə, 1975-ci ildə süni laboratoriya olan Videoplace-i yaratdı.
1997-ci ildə, Ronald Azuma, ilk dəfə olaraq, mövzunu elmi olaraq araşdırdı. 2000-ci ildə, Brüs Tomas ilk mobil AR-ı ixtira etdi. Bu sistemin mobil vasitələrdə kütləvi istifadəsi isə, yalnız 2008-ci ildən mümkün olmuşdur.
Çağımızda AR, yazılı mətbuatda, istehsalatda, sərgilərdə, reklam və digər tanıtım vasitələrində, kinoteatrlarda, təhsildə, tibbdə, turizmdə və başqa sahələrdə geniş formada istifadə edilir.
Artırılmış Reallığın işləmə prinsipi
Artırılmış Reallıq, real həyat ilə virtual həyatın orta nöqtəsi olub, hər iki “dünya”nı bir məqsəd üçün birləşdirir və eyni zamanda hər iki həyatın imkanlarından istifadə edərək istifadəçisinə daha çox “varlıq” təmin edir. Çağımızda yeni nəsil mobil vasitələrin və daşına bilən kompüterləşmiş sistemlərin mövcudluğu AR-ın inkişafına təkan verir. İnsanlar da texnologiyanın inkişafından istifadə etməklə daha rahat və daha çox imkanlara malik olmağa meyillidirlər. Nəticə etibarı ilə, AR-ın insan həyatına girməsi artıq bir ehtiyac halına gəlir.
AR sistemi, vizual axtarış, GPS məlumat və ya qabaqcıl izləmə cihazları vasitəsi ilə obyektləri, təsvirləri və yaxud da yerləri “tanıya” bilir. Artırılmış Reallıq sisteminin təməl anlayışı qrafiklər, səs və duyğu yönümlü genişləndirmələri real vaxtda maddi həyata – “tanınan” obyektlərin üzərinə yerləşdirməkdir. Beləcə real həyata əlavə virtual məna yükləmək mümkün olur. AR texnologiyası vasitəsi ilə real obyektlərin istifadəsi Artırılmış olur.
Artırılmış Reallığın İstifadəsi
Artırılmış Reallıq, sahibkarlıq strukturlarına müəssisə daxili və xarici fəaliyyətlərində olduqca böyük imkanlar yaradır. Həmin imkanlar müəssisənin iş fəaliyyətinin asanlaşdırılması və sürətləndirilməsi ilə yanaşı, daha çox müştəri məmnuniyyətinin artırılmasına xidmət edir. Bu sistem eyni vaxtda, mövcud fəaliyyət sahələrinə yeni dəyərlər əlavə edir. AR-ın yaratdığı imkanlar aşağıdakı sahələr üzrədir:
Kommersiya: AR applikasiyaları müştərilərə, məhsullara dair ilkin məlumatların verilməsini təmin edir. Belə ki, müştəri öz smartfonundakı applikasiyanı işə salmaqla mağazadakı məhsula dair (məhsulun üstündə göstərilməyən) məlumatları ekranda görə bilir, bəzən də məhsula dair video çarxları izləyə bilir – xüsusilə avtomobil satışında və böyük supermarketlərdə. Eyni zamanda, AR vasitəsi ilə mebel tipli məhsulların satın alınmasından öncə evdə virtual quraşdırılması təmin edilə bilər. Həmçinin AR sistemi vasitəsi ilə, geyim mağazalarında geyimlərin virtual olaraq “geyinilməsi” də mümkün olur.
Təhsil: AR-ın təhsil sahəsindəki istifadəsi təlimlərin effektivliyinin artırılmasına imkan yaradır. Bu sistem vasitəsi ilə keçirilən dərslərdən əyani bir formada və real obyektlərə ehtiyac duymadan (ki, nəticədə xərclərin azalması baş verir) praktiki nəticələrə nail olmağa şərait yaradır.
Səyahət və turizm: AR əsaslı GPS applikasiyaları turistlərə öz istiqamətlərini tapmalarına və qarşılaşdıqları obyektlərə və tikililərə dair operativ və dəqiq məlumat almalarına köməklik göstərir. Üstəlik bunu öz mobil telefonlarını obyektin üstünə tutmaqla və münasib applikasiyanı işə salmaqla mümkün edirlər. Eyni vaxtda, onlar öz smartfonları və ya tabletləri vasitəsi ilə tarixi ərazilərə və obyektlərə dair qısa informasiya təmin edə bilərlər. Bundan əlavə, turistlər tərcümə applikasiyaları vasitəsi ilə obyektin və ya əşyanın adını səyahət etdikləri ölkənin ana dilində tez bir vaxtda öyrənə bilirlər.
İdman və əyləncə: İdman oyunlarında Artırılmış Reallıq sistemləri vasitəsi ilə meydançalar üzərində virtual reklamları izləmək mümkündür. Bundan əlavə, istifadəçilər obyektlərin üzərində virtual oyunlar oynaya bilir, müəyyən oyunlarda virtual olaraq birbaşa iştirak edə bilirlər.
Artırılmış Reallığın Müəssisənin Marketinq fəaliyyətlərinə yararları
AR sistemlərindən müəssisənin, istehsal fəaliyyətindən marketinqinə, insan resurslarından satış sonrası xidmətlərinə qədər bütün sahələrində istifadə etmək mümkündür. Bu sistemin biznes fəaliyyətlərinə tətbiqi müəssisəyə, yaradıcılığın artırılması, xərclərin azaldılması, əlavə təchizatdan istifadənin ixtisar edilməsi, mövcud olan varlıqların virtual əlavələrlə daha geniş formada istifadə edilməsi, müştərilərə daha tez, rahat, ən uyğun məkanda və ən münasib xidmətlərin göstərilməsi və satış sonrası müştərinin məmnunluğunun artırılması kimi üstün faydalar təmin edir.
Artırılmış Reallığın Marketinq-də tətbiqi mövcud imkanlarla müştərilərə ən münasib formada çatmağa imkan yaradır. Həmin texnologiyanın marketinq fəaliyyətlərində istifadə etməklə müəssisənin məhsul və ya xidmətlərinə daha çox diqqət cəlb etməklə yanaşı, məhdud real qaynaqlarla məhsullara dair daha çox, fərqli formatlarda və daha az zəhmətlə məlumat vermək mümkün olmaqdadır. Bundan başqa, müxtəlif əyləncəli applikasiyalar vasitəsi ilə hər zaman müştərilərin gözlərinin önündə və yaddaşlarında qalmağa, sosial şəbəkələrdə müştərilər tərəfindən ödənişsiz reklamlarının edilməsinə nail olmaq mümkündür. Artırılmış Reallığın Marketinq vasitələrinə daxil edilməsi ilə əldə ediləcək faydaları bu cür sıralamaq mümkündür:
Beləliklə bütün bunlar nəticədə:
Kompüterləşmə və mobilləşmənin artan xəttlə yüksəlişi və insanların həyatındakı əhəmiyyəti (insanların texnologiyaya bağlılığı), ictimai-sosial həyatdakı və istehlakçıların ehtiyac və istəklərindəki dəyişikliklərin intensivləşməsi, yüksək həddə rəqabət mühitində zaman məhfumunun azalması, müştəri sayıqlığının və məlumatlılığının artması, müştərilər ilə kommunikasiyanın çətinləşməsi, ənənəvi tanıtım və reklam vasitələrinin effektivliyinin azalması və sosial məsuliyyətliliyə verilən önəmin artması göstərir ki, günümüzün marketinq fəaliyyətləri daha təsirli, daha az maddi varlıqlara ehtiyac duyan və daha geniş istifadə imkanlarına malik, həmçinin real həyat ilə virtual həyatı bir vəhdətdə birləşdirən Artırılmış Reallıq sisteminə ehtiyac duyacaqdır.
Müəllif: Gədir Davudov