Azərbaycanın ali təhsil müəssisələrində ödənişli təhsilin qiyməti qalxacaq.
Bakı Dövlət Universitetinin rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov yeni tədris ilində təhsil haqlarında cüzi miqdarda artımın olacağını qeyd edib:
“Simvolik artım var, haradasa 100-200 manat arası olacaq. O da müəyyən dövrü tənzimləmələr üçündür, yəni kütləvi şəkildə artım müşahidə edilməyəcək. Artım əsasən bakalvr pilləsində olacaq”.
Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib ki, onlarda 2015-2016-cı tədris illərində ödəniş haqlarında artım olmayacaq, təhsil haqları stabil qalacaq.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova da yeni tədris ilindən təhsil haqlarının əvvəlki kimi qalacağını və artım olmayacağını deyib.
Azərbaycan Dövlət Neft Akademiyasının tədris işləri üzrə prorektoru Qasım Məmmədov yeni tədris ilindən artımın olacağını vurğulayıb:
“Bakıda digər texniki universitetlərdən fərqli olaraq bizdə təhsil haqları hər zaman aşağı olub. Təhsilin keyfiyyəti yüksək, təhsil haqqı isə aşağı. Ona görə biz yeni tədris ilindən təhsil haqlarını artıracağıq. Təhsil haqları təxminən 1600-1800 civarında olacaq”.
Azərbaycan Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, 2015-2016-cı tədris ilində təhsil haqlarının artırılması nəzərdə tutulmur. “Hazırda bütün fakültələrdə təhsil haqqı 1320 manat civarındadır və yeni tədris ilindən təhsil haqları elə bu məbləğdə də qalacaq”.
Qafqaz Universitetinin prorektoru Natiq Paşa təhsil haqlarının keçən ilki kimi qalacağını deyib:
“Təhsil haqlarında qiymətlər keçən ilki kimi qalacaq, artım olmayacaq”.
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı bildirib ki, onlarda da təhsil haqlarında artım gözlənilmir: “Biz artıq universitetimizdə fakültələr üzrə yeni qəbulu çap etdirmişik, təhsil haqlarında artım olmayacaq”.
Bakı Slavyan Universitetinin mətbuat xidmətindən isə bildirilib ki, onlarda yeni tədris ilindən artımla bağlı qərar yalnız Təhsil Nazirliyindən bu haqda məlumat gəldikdən sonra ola bilər:
“Nazirlikdən təhsil haqlarının artması ilə bağlı qərar gələrsə, artım olacaq”.
Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova:
“Bakı Ali Neft Məktəbinə ödənişli daxil olan tələbələrin təhsil haqları və digər xərcləri SOCAR tərəfindən ödənilir. Belə ki, Ali Məktəbə daxil olan tələbələr təhsil haqqı ödəmirlər. Eyni zamanda, ehtiyacı olan tələbələr yataqxana ilə pulsuz olaraq təmin olunurlar”.
Mənbə: http://banker.az