26 iyunu Silahlı Qüvvələr günü elan edəndə ən çox sevinənlərdən biri mən olmuşdum. Baxma, hər adamın doğum günü bayram gününə düşmür. Özü də 23 fevral, 9 oktyabr tarixlərini layiqli əvəzliyən bir günə. Ad günü mənim üçün hər şeydən öncə özünü hesaba çəkmə anlamını daşıyır. Bunu hər günün, ayın, təqvim ilinin sonunda etsək də, məhz bəzi ‘filan dəyişikliklər’ üçün mən də ad gününü gözləyirəm. Əslində isə necə ki 1 yanvar səhərində hər şeyin olduğu kimi davam etdiyini görürsən, 27 iyun səhəri də məndə eyni olur.
28 yaşın müəyyən simvolik tərəflərini axtarmağa çalışıram, ümid edirəm gün ərzində tapacağam. 2+8=10 – bu il 10 vacib adamla tanış olacağam və ya 2×8=16 – bu il 16-cı mərtəbədən yıxılıb sağ qalacam səviyyəsində deyil əlbəttə. İlkin olaraq fikirləşdim ki, həyatımın tən yarısı, yeni geridə qalan 14 ili yaxın dostum olan atamsız keçib. Ona görə də elə ondan da nümunə götürdüyüm, başqalarından da öyrəndiyim, özüm də fikirləşdiyim həyat üçün vacib olan 14 məsləhəti sizinlə paylaşım:
1) Şəffaf və hesabatlı olun – Ən azı özü-özünüzə. Özünüzə yalan danışmayın, rəqəmlərlə, əldə etdiklərinizlə özünüzü aldatmayın. Hər işimizə qarşı nə qədər daxili hesabatlı olsaq məmnuniyyətlə xarici mühitə də bu barədə çox rahat mesaj verə biləcəyik.
2) Biznesi öyrənin – Satmağı, almağı, idarəetməyi, kommunikasiyanı, risk etməyi öyrənin və biznesə lazım olan hər bir xüsusiyyətdən məlumatlı olmağa çalışın. Hər bir qurum, təşkilat və elə dövlət də biznes mexanizmi ilə çalışır. Biznesi öyrənmək həm də sizə pulunuzu idarəetməyi öyrədəcək.
3) Paylaşmağı bacarın – Malınızı, biliyinizi bacardıqca paylaşın. İçimizdə xəsislik olsa da paylaşdıqca daha çox paylaşmaq istəyəcəyik və bu xəsisliyə qalib gələcəyik. 10 manatından 20 qəpik qıymayan, qoy pulum çox olsun paylaşacağam desə də, 100 manatından da o abbasını qıymayacaq. Bilik paylaşmaq isə sizi səmimi olaraq çoxlarına sevdirəcək.
4) Həyalı həyasız olun – Buna bilmədim nə ad verim, Azərbaycan mühitində buna haqqını tələb etmək də demək düz çıxmır. Sadəcə elə məqamlar var ki, xahişlə, qaydalara hörmət etməklə davrananda səni adam yerinə qoymurlar. Ona görə də həyanı itirməməklə gərək həyatda bəzən ‘həyasız’ da olasan.
5) Qəbul edin ki pis insanlar daha çoxdur – Gündəlik həyatda, yolda, işdə, internetdə qəbul edin ki, özləri pis olmasa da pis davranışlı, məqsədli insanlar daha çoxdur. Bu insanlar haqqında fikirləşərək türklər demiş ‘takılıp kalmayın’. Bunun əvəzinə vaxtınızı daha gözəl işlərə sərf edə bilərsiniz.
6) Özünüzü hansısa pis məqamın qəhrəmanlığına hazırlamayın, real vəziyyətlərin qəhrəmanı olun – Başlıq uzun alındı, amma elə əsas mənanı da əhatə etdi. Metroda rahat-rahat oturub metro indi partlasa, yanğın olsa ən azı 5 nəfəri xilas edərdim, yanaqlarıma kömür çəkərdim xəyallarının yerinə elə metrodaca bir ətrafınıza baxın, real ehtiyacı olan insanı dəvət edin ki gəlib yerinizdə otursun.
7) Səyahət edin – Hər mənada, istər TV ilə virtual, istər real olaraq. Xaricə, rayonlara. İllik büdcənizdən və vaxt cədvəlinizdən 10 % bu məşğuliyyətə ayırın. Adama qalan gəzməkdir. Yeri gəlmişkən qismət olub ki, 2 ad günümü xaricdə oteldə qarşılayım və hər iki dəfə oteldə əla CRM sistemi olduğu üçün mənə maraqlı hədiyyələr edilib.
8) Sadəcə dua etməyin, dua etdirdin – ‘Dualarında məni unutma’ xahiş etmək gözəldir, amma ondan gözəli elə əməllər etməkdir ki, insanlar sənin üzünə, arxana xoş dualar etsin.
9) Pozitiv düşünün – Həyata hər çətin məqamda belə özünü tez bərpa edib pozitiv düşünməyi bacarmaq şəxsən məni çox qabağa salıb. Bizdə optimist insanlara ‘yaxşı adamdı, amma həddən artıq üzü gülür’ deyən çox olsa da bundan narahat olmayın.
10) Məsuliyyətli və çalışqan olun – Həm şəxsi, həm fərdi, həm karyerada maksimum bu iki xüsusiyyəti yaşamaq lazımdır. Yalançı və doğurçu uğur hekayələrinin çoxunda deyilirsə ki, ‘mən çox məsuliyyətli və çalışqan insanam’, demək bu işin kəraməti var.
11) Fərdi inkişafa davam edin – Fərq etməz kinoya baxmaq, təlimdə iştirak etmək, məqalə oxumaq. Əsas odur ki, həyat üçün vacib olan bilik və bacarıqlarınızı daima yeniləyin. Hətta, kotlet bişirməyin yeni texnikalarını belə öyrənin.
12) Şəbəkələşin – Tək biznes, qabağa getmək məqsədilə deyil, həyatı daha maraqlı etmək üçün qohumlarınızı, dostlarınızı, yaxınlarınızı öz şəbəkənizdə cəmləyin. Facebook ilə kifayətlənməyin. Görüşün, zəngləşin və onları dinləyin.
13) Karyeranızı özünüz idarə edin, alınırsa öz biznesiniz qurun – Bu çox çətindir, amma bacardıqca iş-karyera imkanını seçən tərəf olmalıyıq. Bizi seçənlər heç də hər dəfə ədalətli olmurlar. Yuxarıda biznesi öyrənin deməyimin canı o idi ki, öz biznesinizi qurmağa hazır olasınız.
14) Sağlam olmağa çalışın – Siqaret çəkməkdən tutmuş əsəbləşməyə qədər bütün sağlamlığa ziyanlı vərdişlərdən uzaq olun. Dünyada bilərəkdən yayılan xəstəliklər, xəstəliklərin yaşının azalması öz yerində, amma sağlam həyat tərzi sürmək öz əlimizdədir. Ona görə də çoxlu su için
Mən də çox su içirəm, bu gün də əlib dəyib suyu ömür kağızına dağıtdım ki, sıxıb-sıxıb ondan 14 damcı damcıladım. Kağız yanmasa gələcək ad günlərində yeni damcılamalar diləyilə!
Müəllif: İlham Əli Yusif