2015-2016-cı il üçün Qlobal Rəqabətqabiliyyətlilik sıralamasında yerimiz

Təqribən 1 il əvvəl bloqumuzda Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən yayınlanmış Qlobal Rəqabətqabiliyyətlilik indeksi, sıralaması və bu sıralamada ölkəmizin yerini bir əvvəlki ilin hesabatı ilə müqayisə edərək geniş şəkildə yazmışdım. Keçiddən istifadə edərək baxa bilərsiniz. Dünya İqtisadi Forumu 2015-2016-cı il üçün ölkələrin yeni Qlobal Rəqabətqabiliyyətlilik hesabatını yayınlamışdır. Bu yazımda hesabatın xarakteristikasına və hansı əsaslarla hazırlandığını yazmaq istəmirəm. Çünki yuxarıda bəhs etdiyim keçən ilki yazımda bu barədə ətraflı yazmışdım. Qısa və öz olsun deyə bu yazımda bir neçə önəmli gördüyüm faktorların üzərində maddələrlə dayanmaq istəyirəm.

1. Ölkəmiz Rəqabətqabiliyyətlilik sıralamasında keçən ildə mövqeləndiyi 38-ci pillədən 40-cı pilləyə geriləmişdir. 2 pillə geriləməyə baxmayaraq 140 ölkə arasında dəyərləndirildiyi üçün məncə uğurlu mövqedir. Əlavə etməyə gərək duyuram ki bir sıra inkişaf etmiş və ya qonşu ölkələr daha geri sıralardadırlar… Misal üçün Rusiya 45, İtaliya , Bolqarıstan 54, Türkiyə 51, Gürcüstan 66, Ukrayna 79, Ermənistan 82… və s.

2. Köhnə sovetlər ölkələrindən bizdən öndə ancaq Estonia-30 və Litva-36 yer alıbdır.

3. Sıralama ölkələrin müxtəlif rəqabətqabiliyyətlilik faktorlarına görə topladığı və 1-ilə 7 arasında dəyərləndirilən xallara görə aparılır. 40-cı sarada olan ölkəmizin xalı 4.50-dir. İlk sıralarda yer alan İsveçrə, Sinqapur, ABŞ, Almaniya, Hollandiya, Yaponiya kimi ölkələrin xalları 5.50-5.76-dır… Bu müsbət təsbitlərdən sonra keçək reallıqların yer aldığı digər təsbitlərə…

4. Ölkəmiz 2 pillə geriləmiş, bizi təqib edən yaxın qonşumuz Qazaxstan təqribən bizimlə eyni xala malik olmaqla 50-ci sıradan 42-ci sıraya yüksəlmişdir. Eyni şəkildə Rusiya, Gürcüstanda da irəliləmə qeydə alınmışdır.

5. Ölkəmizin rəqabətqabiliyyətlilik göstəricisinin yüksək olmasına təsir edən ən böyük faktor makroiqtisadi mühitdir… ki bu ildən sonra əgər böhranlı vəziyyətdə bu faktor baxımından geriləmə yaşasaq sıralamada mövqeyimizi itirə bilərik. Hazırda sadəcə bu faktora görə 10-cu sıradayıq. Amma digər əsas-basic faktorlar olan institutlaşma 64, infrastruktur-65, Sağlıq və ilk təhsilin keyfiyyəti yönündən 102-ci sıradayıq. Bu qrupda makroiqtisadi mühit amili bizi yuxarıya çəkməkdədir.

6. Digər faktorlara görə isə sıralama belədir:

Global Competitiveness Index

  • GCI 2015–2016… 40 sıra ….. 4.5xal
  • GCI 2014–2015 (out of 144) 38 sıra……4.5xal
  • GCI 2013–2014 (out of 148).. 39 ……4.5
  • GCI 2012–2013 (out of 144)… 46 ……4.4

Basic requirements (55.9%)43 ……4.9

  • 1st pillar: Institutions. 64 ……3.9
  • 2nd pillar: Infrastructure. 65 ……4.1
  • 3rd pillar: Macroeconomic environment. 10 ……6.4
  • 4th pillar: Health and primary education 102 ……5.2

Effektivlik artırıcı faktorlar -Efficiency enhancers (38.1%).69 ……4.0

  • 5th pillar: Higher education and training 89 ……3.9
  • 6th pillar: Goods market efficiency. 66 ……4.3
  • 7th pillar: Labor market efficiency. 30 ……4.6
  • 8th pillar: Financial market development. 114 ……3.3
  • 9th pillar: Technological readiness. 57 ……4.3
  • 10th pillar: Market size. 67 ……3.9

İnnovasiya və Biznes inkişaf faktorları :

  • Innovation and sophistication factors (6.0%).66 3.6
  • 11th pillar: Business sophistication.73 ……3.9
  • 12th pillar: Innovation 61 ……3.3

7. Gördüyünüz kimi 3 ana qrup və 12 alt subfaktorların çoxunda sıralamamız çox da yüksək deyil. Bu subfaktorların özləri də çox sayda faktorlardan ibarətdir ki mən bu yazıda çox önəmli gördüyüm bəzi faktorlardan və bu faktorlar baxımından mövqeyimizi göstərmək istəyirəm.

8. Mənim üçün inkişafa və rəqabətqabiliyyətliliyə təsir edən faktorlar bunlardır: Şəffaflıq (Korrupsiya və rüşvətin olmaması və ya azaldılması), Təhsilin keyfiyyəti, Antimonopoliya siyasəti və effektivliyi, Rəqabət mühiti, Elm və Tədqiqat və Təkmilləşdirmə faktoru (Universitet və sənaye əməkdaşlığı), Elmi araşdırma institutlarının keyfiyyəti kimi faktorlardır ki təəsüf ki bu faktorlar üzrə ölkəmiz heç də ürəkaçan göstəricilərə malik deyil. Belə ki… Korrupsiya biznesin inkişafına təsir göstərən ən birinci mənfi faktor kimi göstərilir.

  • Antikorrupsiya siyasətinin effektivliyi göstəricisinə görə yerimiz 113-cü sıra,
  • Rəqabət (lokal) mühiti və intensivliyi üzrə 120-ci,
  • Elmi araşdırma institutlarının keyfiyyəti üzrə 89-cu sırada,
  • Tədqiqat və Təkmilləşmə istiqamətli (R&D) Universitet və Sənaye əməkdaşlığına görə 103-cü sıra,
  • Təhsil sisteminin keyfiyyətinə görə 107-ci,
  • İbtidai təhsilin keyfiyyəti üzrə 106-cı sırada,
  • Menecment məktəblərinin(varmı ki?) keyfiyyətinə görə 120-ci sıradayıq.

Bu mənim inkişaf istiqamətində vacib saydığım faktorlardan ən əsaslarıdır. Təbii ki digər önəmli faktorlar da vardır… Ancaq sadəcə bir faktor üzrə yüksək pillədə mövqelənməyimiz ölkə iqtisadiyyatının məlum bir faktora görə şəkillənməsinə bənzəməkdədir ki… bu faktor öz effektini itirdiyi zaman geriləmə yaşamağımız labüddür… Ona görə də digər və daha önəmli faktorlar üzrə ilbəil irəliləmə qeyd etməyimiz şərtdir!!! Bunu görməmiz və yaşamağımız diləyi ilə…

Müəllif: Cəbrayıl Vəliyev

Mənbə: http://jabrayilvaliyev.com