Çoxumuzun arzusu və bəzilərimizin konkret məqsədidir ki, MBA oxuyaq. Ətrafımızda MBA məzunu olan insanların da sayı az deyil. Ara-sıra onlardan da necə oxumaq, harada oxumaq, hansı yaşda oxumaq ilə bağlı məsləhətlər alırıq. Bizi isə son qərarı verməyə saxlayan bir çox amil var və deyərdim ki ən başlıca maneə məhz puldur. İmkan yoxdur bəhanəsi ilə yekunda çoxumuz MBA almadan bu həyatdan köçüb gedirik. Deyəsən çox dramatikləşdirdim.
Başlıq sizə iddialı görünə bilər və düşünə bilərsiniz ki, hansısa ucuz kurs reklamını sizə təqdim edirəm. Əslində isə belə deyil. Bu yazını yazmağa başqa bir ciddi səbəb var. Səbəb odur ki, artıq xarici dili zəif bilmək, pula sahib olmamaq bizi MBA təhsilini hissə-hissə öz doğma dilimizdə almaqdan məhrum edə bilməz. Necə deyərlər, şəxsən özüm yaşadığım bir təcrübə haqqında sizlərlə fikirlərimi paylaşacağam:
Söhbət nədən gedir?
Qısa və konkret, Anar Bayramovun ‘Biznes nə istəyir?’ kitabından. Aydındır ki, bir kitabla MBA təhsilini göydən yerə çırpmıram. Heç kitabla MBA təhsilini də müqayisə etmirəm. Sadəcə bu kitabın biznes təhsili almaq istəyən istənilən bir şəxs üçün faydalı olacağına əmin olduğumdan Azərbaycanda biznesi bəzi çılpaqlıqları ilə görmək istəyən 18 yaşından yuxarı şəxsləri bu kitabı oxumağa dəvət edirəm. Təbii ki, əgər mənim kimi gecikməyiblərsə.
Niyə bu kitab oxunulmalıdır?
Birincisi bizdə hər deyəndə kitab yazmırlar. Özü də real biznes keyslər və təcrübələr əsasında. İkincisi kitab sadəcə marketinq və satış funksiyalarını deyil, menecmetin bir çox funksiyalarını bir-biri ilə əlaqəli izah edir. Bu bloqun auditoriyası əminəm ki, bu kitabdan çox faydalanacaq. Məsələn, adını Jobsearch.Az-da gördüyünüz və nə işlə məşğul olduğunu tam olaraq bilmədiyiniz bir çox şirkətlərin konkret nə ilə məşğul olduğunu bu kitabı oxuyub biləcəksiniz. Son zamanlar supermarketə girib çoxdandır filan brendi vitrinlərdə görmürəm, bu deyəsən yeni markadır kimi şək-şühbələrinizin bir çoxuna da bu kitabı oxuyaraq cavab tapacaqsınız. Marketinq ilə məşğul olub ümumi menecmentə aid kitab yazmağın bir üstünülüyü də odur ki, yazdıqlarını axır-əvvəl gətirib marketinqin üstünə çıxarırsan. Marketinqə yuxarıdan aşağıya baxaraq xətrinizə dəyən qeyri-marketoloq dostlarınıza, iş yoldaşlarınıza da bu kitabı hədiyyə edə bilərsiniz.
Nədir dərdimiz?
Gecə-gündüzlərini bizneslərinə sərf edən, tələskənlik və səbirsizlik xəstəliyinə tutulub işıqforda yaşıl işıq yanmamış siqnalın üstündə oturan, uzağı-uzağı bir neçə milyonluq dövriyyəsi olan özündənrazı biznesmenlərimiz məmnun olmayan işçi, müştəri ordusunun yaranmasına, keyfiyyətsiz xidmət və məhsulların evimizə gəlməsinə, innovasiyadan uzaq biznes proseslərin hələ də mövcud olmasına, vaxtın və resursların səmərəsiz idarə olunmasına əsl səbəbkarlardırlar. Pul qazanırımsa demək ki, bilirəm, bacarıram prinsipi ilə yeni bilik və təcrübəni özünə yaxın buraxmayan şəxslərin sayını məhz belə kitablar ilə azaltmaq olar. Fikirləşirəm ki, kaş dərdimiz MBA üçün məhz pul dərdi olardı, yeni bilik oxumaq və öyrənməyə həvəssiz olmaq yox.
Bəs ümumi götürsək?
Vacib deyil ki, sadəcə məşhur bestsellerlər sizin masanızda olsun. Onları da oxumaq vacibdir. Amma məsləhətli olanı, çoxumuzun daha rahat dərk etdiyi ana dilimizdə biznesi və biznes prosesləri daha sadə izah edə bilən praktik biznes kitablarının masalarımızda çox olmasıdır. Necə deyərlər, dərd var, əlacı da var. İstər bu bloq, istərsə də hazırda kifayət qədər aktiv olan digər bloqlar, yeni-yeni kitablar konkret nəticələrdir. Biz də bir-birimizin bu nəticələrindən faydalanaraq təcrübələri paylaşırıq.
Oxumaq, öyrənmək davamlı olmalıdır. Hər birimizin keyfiyyətli MBA təhsili almaq istəyimizin də davamlı olması çox yaxşıdır. Amma nə qədər ki, böyük məqsədlərimizə çata bilmirik, ətrafımızdakı bütün xırda imkanlardan maksimum istifadə etməliyik. Qiyməti on minlərlə olan bir təhsilə gücümüz çatmırsa heç olmasa on manatlıq kitablardan möhkəm tutmalıyıq. Axı onlar hələ ki, əlimizdən tutur.
Müəllif: İlham Yusifov
Mənbə: http://ilhamaliyusif.com