Azərbaycan Respublikası Memarlar İttifaqı (AMİ) Respublika memarlarının könüllü professional yaradıcılıq birliyidir.İttifaq, Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika qanunvericiliyini, bu Nizamnaməni rəhbər tutaraq fəaliyyət göstərir, xarici ölkələrin memarlar ittifaqları və başqa yaradıcı ittifaqları ilə öz qarşılıqlı münasibətlərini müqavilə əsasında qurur.AMİ-nin fəaliyyəti demokratiya və özünüidarə, aşkarlıq, hər bir üzvünün şəxsi təşəbbüsü, tapşırılan iş üçün məsuliyyəti və bu Nizamnamənin müddəalarına riayət etməsi prinsiplərinə əsaslanır.
Memarlar İttifaqının vəzifələri
- Mİ yaradıcılıq konsepsiyalarını formalaşdırır və Azərbaycan memarlığının inkişaf strategiyasını dövlət orqanları ilə birlikdə həyata keçirir;
- Memarlıq və şəhərsalma sahəsində qəbul olunmuş qanunların həyata keçirilməsinə kömək edir;
- Demokratik cəmiyyətin humanist ideallarına cavab verən memarlıq əsərlərinin yaranmasına kömək edir, Azərbaycan memarlığının yaradıcılıq mövqelərinin müxtəlifliyini müdafiə edir;
- Tarixi memarlıq mühitinin və təbii mühitin mühafizəsinə, memarlıq abidələrindən qayğı ilə istifadə olunmasına kömək edir;
- Memarlıq sahəsində kadr siyasətinə fəal təsir göstərir, memarlıq kadrlarının seçilməsi, irəli çəkilməsi və yerləşdirilməsi məsələlərində Respublikanın dövlət və özəl orqanları və təşkilatlarına kömək edir;
- Memarlıq təhsilinin təkmilləşməsinə, Respublika memarlarının peşə vərdişlərinin kamilləşməsinə kömək edir, gənc nəslin hazırlanmasına və tərbiyə olunmasına qayğı göstərir;
- Memarların yaradıcılıq ustalığının artmasını stimullaşdırır, memarın istedadını və şəxsiyyətini, onun müəlliflik hüquqlarını müdafiə edir; Memarlıq məsələləri barədə ictimai rəyi öyrənir və formalaşdırır; ictimaiyyəti hazırlanan layihələrin müzakirəsinə cəlb edir, memarlıq peşəsinin mədəni və bədii statusunun yüksəlməsinə kömək edir;
- Azərbaycan memarlarının nailiyyətlərini təbliğ edir, nəşriyyat və memarlıq tənqidinin inkişafına kömək edir; memarlıq, bədii rəngkarlıq, tətbiqi sənət əsərlərinin baxış-sərgilərini və satışını təşkil edir;
Beynəlxalq memarlıq təşkilatları, xarici ölkələrin memarlıq ittifaqları və digər yaradıcılıq ittifaqları ilə əməkdaşlıq edir.