Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25 №-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqazda ilk dəfə olaraq, Bakı şəhərində ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur.1926-ci ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşmüşdür. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır.
1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır.1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəyə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırki Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil edilmişdir.Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılmışdır.Bu sahələrin inkişafı və köklü irəliləyişlər isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli, 623 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır.
"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Komitənin Əsasnaməsini rəhbər tutur. Komitə Azərbaycan Respublikasının texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli Fərmanına əsasən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Komitə yanında Dövlət Metrologiya Xidməti, Komitə yanında Dövlət Akkreditasiya Xidməti yaradılmışdır.