Ümidli Gələcək Gənclər Təşkilatı 1998-ci ildə Azərbaycanın müxtəlif ali məktəblərinin bir qrup tələbəsi tərəfindən yaradılmış və 1999-cu ilin yanvar ayının 15-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən QHT kimi qeydiyyata alınmışdır.Yarandığı gündən Ümidli Gələcək ölkəmizin fəal gənclərini öz ətrafında birləşdirərək demokratik, açıq, sağlam, təhlükəsiz vətəndaş cəmiyyəti quruculuğu, əhalinin zəif təbəqələrindən olan ahıllar, uşaqlar, əlillər, qaçqın və məcburi köçkünlərə və s. yardımın göstərilməsi, uşaq və gənclər üçün asudə vaxtın təşkili, mədəniyyət və incəsənətin, təhsilin inkişaf etdirilməsi istiqamətində çalışır.
Ümidli Gələcək Təşkilatı müxtəlif ali və orta təhsil məktəblərindən olan 200 nəfərə yaxın gənci birləşdirir. 1999-cu ildə təşkilat regionlarda yaşayıb çalışan gəncləri ictimai işə cəlb etmək və bölgələrdə mövcud olan problemlərin həllində onların iştirakını təmin etmək məqsədilə Mingəçevir, Masallı, Ucar, Göyçay, Zərdab, Qəbələ, Quba, Şəki və Sumqayıt şəhər və rayonlarında öz filiallarını açmış və yerli icma nümayəndələrindən ibarət təşəbbüs qrupları və yeni QHT-lərin formalaşdırılmasına təkan vermişdir. Bununlada Ümidli Gələcək Təşkilatı öz layihə və proqramlarını Azərbaycanın digər şəhər və rayonlara yaymışdır.
Ümidli Gələcək Gənclər Təşkilatı vətəndaş fəallığı və icma iştirakının inkişaf etdirilməsi və vətəndaş cəmiyyətinin qurulması naminə çalışır. İcmaların və bələdiyyələrin fəaliyyətini dəstəkləmək və yerli inkişafa nail olmaq məqsədi ilə, təşkilat Azərbaycanın müxtəlif şəhər və kəndlərində yerli icmaların bütün maraqlı tərəflərinin birgə iştirakı əsasında təlim-tədris, maarifləndirmə proqramları həyata keçirməklə icma daxilində qadınlar, gənclər və uşaqların rolunu gücləndirməyə çalışır. Ümidli Gələcək gənclər və qadınların ictimai dialoqlarda, dövlət siyasətinin formalaşdırılmasında, qərarların qəbulu prosesində və siyasət aləmində onların fəal iştirakını təmin etmək məqsədilə müxtəlif tədris proqramları təsis edir və liderlik imkanlarının artırılmasına rəvac verir, qadın və gənclər məsələləri ilə məşğul olan bütün maraqlı tərəflər arasında əməkdaşlığı inkişaf etdirir.