Qazax Rayon İcra Hakimiyyəti xəritədə

Qazax Rayon İcra Hakimiyyəti

Azadlıq küçəsi, Qazax, 78 AZ3500 *** 1 səs

Qazax Rayon İcra Hakimiyyəti haqqında

Qazax rayonu respublikanın qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan Gəncə-Qazax düzənliyinin şərq hissəsində yerləşir. Qazax rayonu Şimal-qərbdən Gürcüstan Respublikası ilə 9 km, cənub qərbdən Ermənistanla 168 km sərhəddir. Ərazisi 692 kv.km, əhalisi 93719 nəfərdir. Ərazinin 77 kv.kilometri (11%-i), yəni 7 kəndi işğal altındadır, 5 kəndi isə erməni silahlı birləşmələrinin daim atəşinə məruz qalır.Rayonda bir şəhər və 34 kənd yaşayış məntəqəsi olmaqla 23 ərazi icra nümayəndəliyi və 17 bələdiyyə fəaliyyət göstərir.

Qazaxın tarixi

Qazax Azərbaycanın qərbində şəhər və inzibati rayondur, Azərbaycanın “qərb qapısı”dır. Şimal–şərqdən Gürcüstanla, şərqdən və şimaldan Ağstafa rayonu ilə, cənub və cənub–qərbdən Ermənistanla sərhəddir. Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Vaxtilə vilayət,sultanlıq,sonra isə qəza mərkəzi olmuşdur. Hazırda rayon mərkəzidir.Qazax sultanlığı Qabarağ bəylərbəyliyinə daxil idi. Sultanlığının hakimləri sultan titulu daşıyır və irsi hakimiyyətə malik idilər. Hətta I Şah Abbasın fərmanı ilə 1605-ci ildə Şəmsəddin sultana xan rütbəsi verilmişdir. XVIII əsrin əvvəllərində Osmanlılar Qazağı aldıqdan sonra Qazaxda inzibati ərazi bölgüsü aparılmışdır.Qazax sancaqlıq elan edilərək 4 nahiyəyə bölünmüşdür. Bunlar Ağtala, İncə,Türk və Cuvar nahiyələri idi. Qazax sancaqlığında 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır.

1752-ci ildə Qazax sultanlığı Şəki xanlığına birləşdirilmişdir.1819-cu ildə Qazax sultanlığı ləğv edilərək Qazax distansiyası yaradılmışdır. 1867-ci ilin dekabr ayında Yelizavetpol quberniyasının tərkibində Qazax qəzası yaradılmış, ərazisi 5908,24 kv.km, əhalisi 1911-ci ilin məlumatına görə 130 min nəfər olmuşdur. 1929-cu ildə Qazax qəzası ləğv edilmişdir. 1930-cu ilin avqust ayında Qazax rayonu yaradılmışdır.
Mərhum akademiklər Z.M.Bünyadovun və V.F.Minorskinin rəylərinə əsasən Qazağın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan İbn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yaşayış məntəqəsinin 1270 il əvvəl də şəhər kimi mövcudluğu barədə IX-X əsr qaynaqlarında məlumatlar vardır.