Qax Rayon İcra Hakimiyyəti xəritədə

Qax Rayon İcra Hakimiyyəti

Azərbaycan prospekti, Qax, 32 AZ3400 *** 1 səs

Qax Rayon İcra Hakimiyyəti haqqında

Qax Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. İnzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Zaqatala rayonuna verilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Rayonun ərazisi 1494 km2- dir. Şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala və cənub şərqdən Şəki inzibati rayonları ilə həmsərhəddir. Rayonun şimal və şimal-şərq hissəsi Baş Qafqaz silsiləsinin cənub yamacına, mərkəzi hissə Qanıx-həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Ərazinin hündürlüyü cənubda Acınohur gölü sahilində təqribən 100 m, şimalda Baş Qafqaz silsiləsinin yalında 3480 m-ə çatır. Rayonun baş Qafqaz silsiləsinin cənub yamacına daxil olan dağlıq hissəsi dik və sıldırımlı olub kəskin parçalanmış relyefə malikdir. Bu dağlıq ərazidə Yura və Təbaşir dövrlərinin dəniz mənşəli çöküntüləri yayılmışdır.

Qaxın tarixi

Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır.Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə yaşadığımız Qax rayonunun ərazisində rast gəlinir.

Eramızın əvvəllərində Qafqaz Albaniyasının ərazisində xristianlığın yayılması prosesi başlamışdır. Bu dövrdə Qax rayonunun əhatə etdiyi ərazilərdə bir sıra xristian məbədləri inşa edilmişdir. Ərəb işğalı ilə tənəzzülə uğramış Alban dövlətinin, eləcə də Qax rayonunun indiki ərazisində XI əsrdən başlayaraq oğuz-səlcuq türkləri, sonra isə qıpçaq türkləri məskunlaşmağa başlamışlar. Həmin dövrdə Qaxın ərazisi o zaman mövcud olan Atabəylər və Şirvanşahlar dövlətinin tərkibinə daxil idi.