ARDNŞ-nin Neft Kəmərləri İdarəsi Şirkətin neft və qazçıxarma idarələrində və neftqazçıxarma üzrə yaradılmış podratçı təşkilatlarda hasil edilən, müvafiq tələblərə uyğun hazırlanmış neftin qəbulunu, neft emalı zavodlarına və ixraca nəql əməliyyatlarını həyata keçirir.İdarə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından hasil edilən neftin və kondensatın Səngəçal neft terminalından ixraca nəqlində ölçü əməliyyatlarında müşahidəçi qismində iştirak edir. NKİ-nin infrastrukturundan üçüncü tərəflərin neft və neft məhsullarının ölkə ərazisindən tranzit daşınması zamanı da istifadə edilir.
Neft Kəmərləri İdarəsinin tərkibinə, "Neftin Nəqli Departamenti", "İxrac Neft Kəmərləri Departamenti", "Nəqliyyat Departamenti" və "Maddi Texniki Təchizat Bazası" daxildir. Neft Kəmərləri İdarəsi 774,919 km uzunluğunda müxtəlif diametrli (Dş-200-dən Dş-700 daxil olmaqla) magistral neft kəmərlərini, 11 neft nəqletmə sahəsini (NNS), 2 neft təhvili sahəsini (NTS), 1 neft ölçmə sahəsini (NÖS), 1 ixrac neft təhvili sahəsini (İNTS), Dübəndi Neft Aşırma Bazasında yerləşən 3 (29, 31 və 54 saylı) magistral nasos stansiyalarını, ümumi həcmi 499900 m3 olan çən parklarını istismar edir. Qeyd: İlk dəfə neftin boru kəməri ilə nəqli üsulundan Azərbaycanda istifadə olunmuşdur. Beləki, 1872-ci ildə Balaxanı mədənlərindən hasil edilən neftin Bakı neftayırma zavoduna çatdırılması məqsədi ilə diametri 75 mm, uzunluğu 12 km olan ilk neft kəməri inşa edilmişdir. 1885-ci ildə isə Bakıda diametri 75 mm, uzunluğu 200 km olan daha bir neft kəməri inşa edilmişdir.