“NORM” MMC şirkəti 2006-cı ildə təsis edilmiş, 2008-ci ildən isə Sement Zavodu layihəsinin həyata keçirilməsinə start vermişdir. Hazırda “Norm Sement Zavodu” adı altında inşa edilmiş və artıq istismara verilmiş bu zavod Cənubi Qafqazın Xəzər regionunun ən iri sement istehsalçısıdır. Zavodun əsas texnoloji avadanlıqları Avropa ölkələrinin ən qabaqcıl şirkətləri tərəfindən təchiz edilmişdir. Zavodun günlük sement istehsal gücü 5 min ton, illik istehsal gücü ise 2 mln.tondur.
2008-2011-ci illər ərzində Azərbaycanın müxtəlif bölgələrində, 10 min hektar ərazidə geoloji kəşfiyyat işləri aparılmış, 2 minə yaxın xammal nümünəsi toplanaraq Almaniyanın, Fransanın, Hindistanın, ÇXR və Türkiyənin ixtisaslaşlaşdırılmış laboratoriyalarında sınaqlaşdırılmışdır. Zəruri topoqrafiya işləri aparılmış, xammal ehtiyatları hesablanmış, zavodunun tikintisi və xammal təchizatı üçün tələb olunan ərazilər Norm MMC tərəfindən əldə edilmişdir.2009-cu ildə ekoloji və sosial təsirlərin qiymətləndirilməsilə bağlı ətraf qəsəbələrdə yaşayan sakinlər, yerli icma və qəsəbə nümayəndələri, bələdiyyələr, QHT-lər, mətbuat nümayəndələrinin, digər əlaqədar və marağı olan tərəflərin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir.
Dünyanın dörd böyük müstəqil auditor şirkətlərindən biri olan PriceWaterhouseCoopers Norm MMC-nin 2008–2010-cu illər üzrə maliyyə hesabatlarının ilk dəfə olaraq Beynəlxalq Maliyyə Hesabatları Standartına uyğun auditini aparmış və öz müsbət rəyini bildirmişdir. 2011-ci ildə zavodun "Açar Təslimi" əsasında tikintisi üçün xarici şirkətlərdən ibarət konsorsiumla müqavilə imzalanmışdır.2013-cü ildə
Sement dəyirmanı bölməsi işə salınmış, ilk sement istehsal edilmişdir. Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu ilə uzunmüddətli əməkdaşlıq barədə razılıq əldə edilmişdir.2014-cü ildə isə Soba xətti istismara verilmişdir. 21 iyul tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə zavodun rəsmi açılışı baş tutmuşdur.
Norm şirkəti sement və beton istehsalı sahəsində beynəlxalq arenada yüksək nüfuza malik şirkət və qurumlarla əməkdaşlıq edir. Sement istehsalına yeni başlamış Norm şirkətinin beynəlxalq qurumlarla sıx əməkdaşlığı şirkət tərəfindən məhsulun keyfiyyətinə və etibarlılığına verilən yüksək önəmi nümayiş etdirir. Şirkət rəhbərliyi əmindir ki, bu yanaşma tərzi öz bəhrəsini verəcək və Norm şirkətinin sürətli inkişafına xidmət edəcəkdir.
Norm Sement zavodunun istehsal xəttində Almaniyanın, Fransanın, İsveçrənin, Hollandiyanın və digər inkişaf etmiş ölkələrin avadanlıqları quraşdırılıb. Müasir texnologiyaların tətbiqi və istehsalda innovasiyalara üstünlük verilməsi istismarın səmərəliliyinə və Avropanın ən sərt ekoloji standartlarına riayət olunmasına imkan yaradır. Nəticə etibarilə Norm MMC-nin Avropa şirkətləri ilə texnologiya və elmi-texniki sahələrdə sıx əməkdaşlığı Azərbaycanın tikinti sektorunun ən yüksək keyfiyyətli sementlə təmin edilməsinə zəmanət verir.
Hədəfimiz gündə 5 min ton klinker, ildə isə 2 milyon ton yüksək keyfiyyətli sement istehsal edərək bu sahədə Azərbaycanda idxalın əhəmiyyətli dərəcədə azaldılmasına, gələcəkdə yeni istehsal xətləri yaratmaqla ölkədaxili tələbatın tam həcmdə ödənilməsinə nail olmaqdan ibarətdir.Neft sənayesi üçün API standartlarına uyğun quyu-tamponaj sementinin istehsalına başlayaraq Azərbaycanın və Xəzəryanı ölkələrin neft hasilatçılarını bu strateji məhsulla təmin edilməsini qarşımıza məqsəd qoyuruq.Amalımız şirkətimizin onilliklər və hətta yüzilliklər boyu uğurla fəaliyyət göstərməsi üçün möhkəm təməlin qoyulması və nəsildən nəsilə ötürüləcək ənənələrin bərqərar edilməsidir. Fəaliyyətimizin bütün sahələrində aşağıdakı amillərə önəm verərək Azərbaycanın tikinti materialları sənayesində aparıcı mövqe tutmaq niyyətindəyik.
Dəyərlərimizin başında insan amili durur. Faəliyyətimizin bütün sahələrində – kadr siyasətində, idarəetmədə, habelə istehsalın və satışın təşkilində insan amilini hər cür maraq və mənafedən üstün tuturuq.