Zirə bələdiyyəsi xəritədə

Zirə bələdiyyəsi

Bakı, Zirə qəsəbəsi, Xəzər rayonu, Cəlal Əliyev küçəsi, 1 AZ1120 *** 2 səs

Zirə bələdiyyəsi haqqında

Zirə bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə.Zirə bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.Zirə qəsəbəsi Bakı şəhərinin 45-46 kilometr şərqində, Abşeron yarımadasının Pirallahı adasına yaxın hissəsində yerləşir. Zirə qəsəbəsi üç tərəfdən, Cənub, Şərq və Şimaldan Xəzər dəniziylə əhatə edilmişdir. Dənizə ən yaxın hissəsi cənubda, Şah dili zolağı tərəfdədir. Tarix boyu Zirə kəndi Abşeronda ən böyük örüşü olan kənd olub. Kənd ötən əsrin əllinci illərindən etibarən qəsəbə statusu almışdır. Tarixən Zirənin torpaqları Qala və Türkan kəndləriylə həmsərhədd olmuşdur. Sovet hakimiyyətindən əvvəl nayihə mərkəzi Suraxanıda olduğu vaxt, Zirənin şimal tərəfinə, indi Port-Abşeron, əhali arasında isə sadəcə Port adlanan əraziyə yaxın torpaqlara suraxanılılar köçürülmüşdür. Onlar həmin ərazidə «Qışlaq» kəndini salıb məskunlaşmış, eyni zamanda «Xaşaxana» adlanan yaşayış məskənini də salmışlar.

Zirənin tarixi

Zirə kəndinin adının haradan yaranmasıyla bağlı müxtəlif versiyalar vardır. Bəzi etnoqraflar burada tarix boyu Cirə (Zirə) bitkisinin yaxşı becərildiyinə görə, kəndə də Zirə deyildiyi fikrini irəli sürür. Bəzi alimlər isə, yüksəkliyin arzasında yerləşdiyinə görə bu kəndin adının ərəbcə Zir (ərəb əlifbasında hərflərin aşağısına qoyulan və «i» səsini ifadə edən işarə) sözündən əmələ gəldiyini və «aşağı yer», «aşağıda olan yer» anlamını verdiyi fikrinin üstündə dayanır. Bundan başqa Zirə sözünün yenə ərəb mənşəli «Jəzirə» ( Ada) məfhumundan əmələ gəlməsi versiyası da mövcuddur. Xatırladaq ki, Abşeron yarımadası ətrafındakı adaların çoxu yaxın illərədək ərəb mənşəli Jəzirə sözüylə adlanırdılar. ( Nargin, Pesçannı, Bulla - Daş zirə, Böyük zirə, Xərə zirə və s.)

Bəzi alimlər isə Zirə toponiminin ərəbcə «Ziraət» (əkinçilik) sözündən də əmələ gələ bilməsi fikrini irəli sürmüşdür. Həqiqətən də Zirə kəndlinin örüşü çox geniş olub, kənd ətrafında əkinçiliyə yararlı torpaqlar çox olub. Kəndin yaxınlığındakı qədim insan məskənlərini nəzərə almasaq, Müasir Zirə kəndinin təxminən 350-400 il tarixi vardır. Bu məlumatı kəndin köhnə qəbristanlığındakı Pirin daşlarının üzərindəki yazılardan da oxumaq olar. Kəndin cənub-şərq tərəfində «Qubələ» adlı yaşayış məskəninin olduğu da alimlər tərəfindən təsdiqlənmişdir. Ötən əsrin əllinci illərində əhaliyə torpaq sahələri veriləndən sonra, aparılan tikintilər zamanı bu yaşayış məskəninin xarabalıqları və qəbristanlığı üzə çıxmışdır.