Şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyinin, vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsinin həyata keçirilməsi, ictimai asayişin mühafizəsi, kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması, kütləvi iğtişaşların qarşısının alınması, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirilməsi üzrə Daxili Qoşunların fəaliyyətinin təşkilini və qoşunların bilavasitə idarə olunmasını təmin edən Azərbaycan Respublikası daxili işlər nazirliyinin vahid sisteminin mühüm struktur hissələrindən biridir.Daxili Qoşunlar 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmışdır.Daxili Qoşunların funksiyaları, vəzifələri, fəaliyyətinin əsas prinsipləri «Daxili Qoşunların statusu haqqında Azərbaycan Respublikasının 1994-cü il tarixli Qanunu ilə müəyyən olunmuşdur.
Daxili Qoşunların vəzifələri
- digər daxili işlər orqanları ilə birlikdə şəhərlərdə və digər yaşayış məntəqələrində post-patrul xidməti vasitəsilə ictimai asayişin qorunmasında, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edir:
- mühüm dövlət obyektlərini, kommunikasiya qurğularını, xüsusi yükləri mühafizə edir;
- mühafizə olunan əraziyə soxulmuş şəxslərin axtarılmasında və tutulmasında iştirak edir;
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin anbarlarını və hərbi bazalarını mühafizə edir;
- mühafizə olunan obyektlərdə və qurğularda qəzaların, yanğınların, təbii fəlakətlərin və buna bənzər başqa halların nəticələrinin ləğvində iştirak edir;
- yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında iştirak edir;
- qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar zamanı, habelə fövqəladə vəziyyətin hüquqi rejimi təmin edilərkən adamların xilas edilməsi, sahibsiz qalmış əmlakın mühafizəsi, ictimai asayişin qorunması üçün təxirəsalınmaz tədbirlər görməklə daxili işlər orqanlarına kömək göstərir;
- cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısını almağa kömək göstərir;
- mühafizədən qaçmış məhkumların və həbs edilmiş şəxslərin axtarılmasında və tutulmasında iştirak edir;
- zərurət olduqda Azərbaycan Respublikasının ərazisinin müdafiəsində iştirak edir.
Daxili Qoşunlara başqa vəzifələr ancaq qanunla həvalə edilə bilər.Hərbi qanunvericilik, nizamnamələr, hərbi qulluqçuların xidmət keçməsi məsələləri üzrə Daxili Qoşunların fəaliyyəti Silahlı Qüvvələr üçün müəyyən edilmiş hərbi-normativ aktlarla nizamlanır.Daxili Qoşunların Komandanı birbaşa Daxili İşlər Nazirinə tabedir və onun müavinidir.