Azərbaycan neft kimya və kimya sənayesinin flaqmanı olan AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu (NKPİ) böyük və şərəfli inkişaf yolu keçmişdir. XIX əsrin ikinci yarısında Azərbaycanda neftlə zəngin yataqların kəşf edilməsi və keçən əsrin 20-ci illərində neftin sonrakı intensiv hasilatı və emalı, neft emalında və neft kimyasında fundamental, təcrübi tədqiqatların intensivləşdirilməsi məsələsini qarşıya qoymuşdur. Bununla əlaqədar olaraq, 1920-ci ildə “Azneft” Birliyi nəzdində Mərkəzi Kimya Laboratoriyası yaradılmış və onun ilk rəhbəri İ.F.Qutt olmuşdur (1924-1933-cü illərdə).
1929-cu ildə bu laboratoriyanın bazasında V.V.Kuybışov adına Azərbaycan Neft Tədqiqat İnstitutu (AzNTİ) yaradılmışdır. Bu İnstitutun direktorları 1933-1936-cı illərdə M.A.Kapelyuşnikov, 1940-1942-ci illərdə T.Ə.Tahirova və 1942-1944-cü illərdə N.A.Lutsenko olmuşdur. 1929-cu il indiki NKPİ-nin yaranması tarixi hesab olunur.1946-cı ildə AzNTİ bazasında iki sərbəst İnstitut yaradılmışdır: Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutu (AzNEETİ) və Azərbaycan Neft Çıxarma Elmi-Tədqiqat İnstitutu (AzNÇETİ).AzNEETİ- nin direktorları 1945-1951-ci illərdə H.H.Haşımov, 1951-1959-cu illərdə V.S.Əliyev olmuşdur.1959-cu ildə akademik Y.H.Məmmədəliyevin təşəbbüsü ilə AzNTİ, Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutu (AzNEETİ) və Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunun bir sıra laboratoriyaları əsasında Elmlər Akademiyası sistemində Neft Kimya Prosesləri İnstitutu yaradılmışdır.
85 illik fəaliyyəti dövründə İnstitutun alimlərinin elmi işləri Azərbaycan neftlərinin tədqiqinə, yüksək keyfiyyətli yanacaq və yağların alınması məqsədi ilə onların effektiv emalının elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və katalizatorların yaradılmasına, kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki kimya, neftkimya sintezi sahəsində fundamental tədqiqatların aparılmasına və Azərbaycan neft kimyası və neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin işlənib hazırlanmasına həsr olunmuşdur.
Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədi ilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması, neft emalı və neft-kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması, kataliz, üzvi və fiziki kimya, neft-kimyəvi sintez sahəsində fundamental tədqiqatların aparılması, Azərbaycanın neft emalı və neft-kimya komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması.İnstitutun struktur bölmələri:Sərbəst şöbə və laboratoriyalar, monomerlər, oliqomerlər və kataliz şöbəsi, fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi, neft və qazın kimyası və texnologiyası şöbəsi, elmi-texniki informasiya şöbəsi.