AMEA Genetik Ehtiyatlar İnstitutu biomüxtəlifliyin genetik ehtiyatlarının toplanması, mühafizəsi və səmərəli istifadə olunması üzrə ardıcıl və məqsədyönlü tədqiqatların aparılması, müvafiq ölkə şəbəkəsinin yaradılması və idarə olunmasını təmin etmək məqsədilə Genetika və Seleksiya İnstitutunun bazasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2003-cü ilin əvvəllərində təşkil edilmişdir.
İnstitutun əsas elmi istiqamətləri mədəni bitkilərin və onların yabanı əcdadlarının, qiymətli, nadir, itməkdə və nəsli kəsilməkdə olan cinslərin, növlərin, aborigen sort və formaların, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin inventarlaşdırılaraq pasportlaşdırılması, toplanması, introduksiyası, bərpası, çoxaldılması, beynəlxalq deskriptorlar əsasında qiymətləndirilməsi, ex situ və in situ şəraitində mühafizəsi ilə bağlı elmi problemlərin araşdırılması və mühafizə işinin təşkili, davamlı, yüksək məhsuldar, keyfiyyətli nümunələrin aşkar edilərək seleksiya işinə cəlb edilməsi üzrə elmi tədqiqatların aparılmasından və müvafiq sahələrdə ölkə institutlarının fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.
İnstitutda dənli-taxıl, dənli-paxlalı, meyvə və giləmeyvə, tərəvəz-bostan, yem, dərman və qeyri-ənənəvi bitkilərinin çox böyük elmi və praktiki dəyərə malik 395 cinsə, 1110 növə aid nadir, qiymətli xalq seleksiyası sortlarının, endemik, relikt formalarının 10 minə qədər nümunəsi 11 beynəlxalq və 30-dan çox yerli ekspedisiya, daxili və beynəlxalq elmi mübadilə yolu ilə toplanaraq, Milli Genbankda etibarlı mühafizəsi təşkil edilmişdir. Bu nümunələr genetik, morfoloji, fizioloji, biokimyəvi, immunoloji, texnoloji, sitogenetik və təsərrüfat əhəmiyyətli göstəricilərə görə qiymətləndirilir, yüksək keyfiyyət tərkibinə malik, biotik və abiotik stress amillərinə davamlı donor formalar seleksiyada səmərəli istifadə olunmaq məqsədi ilə seçilir.
İnstitutda Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq, orta (20-30 il) və uzun müddətli saxlama (50-100 il) şəraiti olan Milli Genbank yaradılmışdır. İnstitutun genefond bağında keçən əsrin ortalarından başlayaraq, dünyada analoqu olmayan, tut bitkisinin təkamül dinamikasını əks etdirən 28-dən 308-ə qədər ploidlik sırasının sort və formalarının 360 nümunəsi cəmlənmişdir. Təəssüflər olsun ki, institutun Qarabağ Tədqiqat Bazasının 1700 hektarlıq əkin sahələrində, istixana və anbarlarında 40 il ərzində toplanmış 100 mindən artıq nümunədən ibarət milli genefond erməni işğalçıları tərəfindən tamamilə talan edilib yandırılmış, birdəfəlik məhv edilmişdir.
İnstitut FAO, ECPGR, Bioversity İnternational, ICARDA, Trast-fond və başqa beynəlxalq təşkilat və şəbəkələrin elmi-tədqiqat proqramlarında tərəfdaş kimi iştirakını davam etdirir.İnstitutun buğda və arpa kolleksiyaları FAO və Trast-fond tərəfindən dünya əhəmiyyətli kolleksiyalar kimi seçilərək bu kolleksiyaların bərpa edilməsi və etibarlı mühafizəsi üçün Trast-fondla müqavilə imzalanmışdır. 2008-2009-cu illərdə bərpa edilərək öyrənilmiş buğda və arpa bitkisi nümunələri etibarlı mühafizə məqsədi ilə Norveç Krallığının Şpisbergen adasında daimi buzlaqda yaradılmış Qlobal Genbanka (Svalbard Global Seed Vault), eyni arpa nümunələri İCARDA-ya (Hələb, Suriya), buğda nümunələri isə CİMMYT-ə (Mexiko, Meksika) göndərilmişdir.
2009-cu ildə Trast-fondla paxlalı bitkilərin və qarğıdalının genbankda saxlanılan nümunələrinin bərpası üzrə müvafiq müqavilə bağlanmış və alınmış kiçik qrant (2 il ərzində 13 min manat) əsasında bərpa – regenerasiya işləri davam etdirilir.ECPGR-ın VIII Fazasında Azərbaycanın iştirakı ilə bağlı müqavilə imzalanmışdır. Azərbaycanı təmsil edən alim və mütəxəssislər ECPGR-ın tərkibində fəaliyyət göstərən İşçi Qruplarında öz fəaliyyətlərini davam etdirirlər.Azərbaycanda paxlalı bitkilərin virus xəstəliklərinin öyrənilməsi üzrə beynəlxalq elmi tədqiqat işi İCARDA və GEİ alimlərinin iştirakı ilə davam edir.