“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindədir. “Innovasiyalar Mərkəzi” sosial yönümlü innovasiyalarla bağlı araşdırmaların aparılması, innovativ həllərin dövlət orqanları və biznes qurumları tərəfindən istifadəsi və tətbiqi üçün yaradılıb.“İnnovasiyalar Mərkəzi”-nin fəaliyyət istiqamətləri genişdir. “ASAN Xidmət” mərkəzlərində, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlarda və digər təşkilatlarda informasiya texnologiyalarının tətbiqi və onlara texniki dəstəyin verilməsi, innovativ həllərin tətbiqi, informasiya sistemlərinin və informasiya ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi, bir çox təlim və treninqlərin keçirilməsi də mərkəzin məqsədlərindəndir. “İnnovasiyalar Mərkəzi” dövlət orqanları və biznes sektorundakı müəssisələrlə əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaqdır. Mərkəz innovativ ideyaların hazırlanması və tətbiqi ilə bağlı işlərin görülməsi üçün texniki imkanlara və mütəxəssis kadrlara malikdir.
Peşəkar təlim keçmiş hər bir əməkdaş vətəndaş (müştəri) məmnunluğunun nə qədər vacib olduğunu dərk edir. Müştəri işçinin üzərində təcrübə keçərək öz peşəsinə yiyələnməsi üçün deyil. Müştəri (vətəndaş) yönümlü xidmət göstərmək, təkcə yeni müştəri qazanmaq deyil, həm də mövcud müştərilərlə düzgün əlaqə saxlamaq deməkdir. Odur ki, personalınızı xidmətin incəliklərinə öncədən hazırlayın.
2013-cü ildə ilk “ASAN Xidmət” mərkəzi açılanda, Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin göstərişlərindən biri də personalın təlimləndirilməsi istiqamətində oldu. Yarandığı gündən ötən bir il ərzində ASAN Xidmət nəzdində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzi personalın yüksək hazırlığı üçün 200-ə yaxın təlim keçmişdir.Bu gün vətəndaşlara gülərüzlə, mehribanlıqla və peşəkar etika ilə xidmət göstərən hər bir ASAN Xidmət əməkdaşı düzgün kommunikasiyanın nə qədər zəruri olduğunu dərk edir.
“İnnovasiyalar Mərkəzi” olaraq biz verdiyimiz təlimlərə “ASAN Xidmət”-lə yanaşı digər dövlət idarələri və özəl qurumlarda da maraq yarandığının şahidi olduq. ASAN təcrübəsi digər idarə və təşkilatlar tərəfindən diqqətlə izlənilməyə başlandı. 2014-cü ilin yanvar ayında, Gəncə şəhərində, “ASAN Xidmət”-in yeni binasının açılışında iştirak edən Cənab Prezident bunu xüsusilə vurğulamışdı: “İnsanlara yüksək səviyyəli mədəni xidmət göstərilməlidir. Mən hesab edirəm ki, “ASAN Xidmət”-in yaradılması nəinki ictimai xidmətlər sahəsində, bütövlükdə ölkəmizin gələcək uğurlu, müasir inkişafı üçün öz rolunu oynayacaqdır. Bilirəm ki, artıq digər qurumlarda da “ASAN Xidmət”-də göstərilən xidmətlərin səviyyəsində iş qurulması prosesi gedir”.
Ölkəmizin uğurlu gələcəyi, vətəndaşa yüksək xidmətlərin göstərilməsi və personalın daim inkişafı məqsədilə “İnnovasiyalar Mərkəzi” öz təcrübəsini digər idarə və qurumlarla paylaşmaq üçün hər an hazırdır. Bu məqsədlə biz, ASAN nümunəsindən istifadə edib digər sahələrdə də oxşar xidmət standartlarının tətbiqi üçün təlimlərə başladıq.
“ASAN Xidmət” mərkəzlərində vətəndaşlara bir sıra sığorta növləri təklif olunur. Və təklif olunan sığorta xidmətləri icbari və könüllü şəkildə həyata keçirilir. Xidmətlərə səyahət sığortası daşınmaz əmlakın icbari və nəqliyyat vasitələrinin icbari və könüllü sığortası daxildir.Avtonəqliyyat vasitələrinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Avtonəqliyyat vasitələrinin könüllü sığortası (kasko) isə yol nəqliyyat hadisəsi, avtomobilin xarici səthinə bir sıra əşyaların dəyməsi, oğurluq, quldurluq, qaçırma kimi hadisələr üz verdikdə, maddi ziyan vuran yanma, partlayış, təbii fəlakət (sel, daşqın vəs), heyvanların hərəkəti kimi hallar baş verdikdə tətbiq edilir.
Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.“ASAN Xidmət” mərkəzləri ölkədən xaricə çıxan vətəndaşların təhlükəsizliyinin, sağlamlığının təmin edilməsi məqsədilə səyahət sığortası xidmətini həyata keçirir. Səyahət sığortasına tibbi xərclərin sığortası, fərdi qəza sığortası, baqajın sığortası, səfərin ləğv edilməsinin yaxud tarixinin dəyişdirilməsinin sığortası, xarici pasport və nəqliyyat sənədlərinin itirilməsi sığortası daxildir.
Sosial həmrəyliyin təmin edilməsi məqsədilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan I qrup əlillər üçün əlavə ödəniş aparılmadan həyata keçirilir.“Fərdi Səyyar Xidmət” dedikdə şəxsin qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla onun iş və ya yaşayış yerini tərk etmədən xidmətlərdən yaralanması nəzərdə tutulur. Bu xidmətlər avtomobillər vasitəsilə yerinə yetirilir. Və ödənişli “Səyyar Xidmət” “ASAN Xidmət” mərkəzlərində göstərilən bütün xidmətləri əhatə edir.
“ASAN Xidmət” mərkəzlərinə texnoloji dəstək “İnnovasiyalar Mərkəzi” tərəfindən verilir. “ASAN Xidmət”-də yeni xidmətlərin inkişafının təmin edilməsi və gələcək effektivliyi artırmaq “İnnovasiyalar Mərkəzi”-nin birbaşa məqsədidir. Mərkəz digər dövlət qurumları ilə innovativ layihələr üzərində birgə çalışmaq və son texnologiyaları ictimai xidmətlərdə tətbiq etmək üçün işlər görür.Həmçinin dövlət və qeyri-dövlət təşkilatlarından və fiziki şəxslərdən gələn innovativ təkliflərin öyrənilib araşdırılması, İT tətbiq edilməsi və dəstəyin verilməsi də mərkəzin əhatə dairəsinə daxildir. Siravi vətəndaşın yaşayış səviyyəsinin artırılması, ictimai və fərdi tərəfdaşlığın inkişafı “İnnovasiyalar Mərkəzi”-nin əsas istiqamətlərindəndir.