Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı(bundan sonra «İttifaq» adlanacaq)öz üzvlərinin əmək,sosial,iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri,peşə,ərazi,sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir. İttifaqın fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq əsas prinsiplərdir. İttifaq öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, müstəqil,qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.
İttifaq öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.İttifaq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, onun Nizamnaməsini tanıyır. İttifaq öz fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur.