Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır.Səbail rayonu Nəsimi, Yasamal və Qaradağ rayonları ilə həmsərhəddir.Ərazisi – 29 kv.km ,Əhalisi – 95638 nəfər(2013-cü il).Rayonda 9.207 nəfər məcburi köçkün məskunlaşmışdır.Rayonda 2 qəsəbə (Badamdar və Bibiheybət), 2 sahə inzibati ərazi dairəsi (1 və 2 nömrəli sahə inzibati ərazi dairəsi) və 3 bələdiyyə (Səbail, Badamdar və Bibiheybət Bələdiyyələri) mövcuddur.
Səbail – Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2-2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s. tapılmışdır. Kitabələrdə Quran ayələri, 1234/35-ci il tarixi, müxtəlif şəhərlərin, sənətkarların və Şirvanşahların adları yazılmışdır.
Xalq arasında "Sualtı şəhər", "Bayıl daşları", "Şəhri-i Yunan", "Karvansara", "Bayıl qəsri" və s. adlanan Səbail təqribən XIII əsrin əvvəllərində tikilmiş, XIV əsrin əvvəllərində isə tektonik dəyişikliklər nəticəsində Xəzərin suları altında qalmışdır. Sonralar suyun səviyyəsi tədricən aşağı enmiş və 1723-cü ildə abidə yenidən görünməyə başlamışdır. Ehtimal ki, Səbail müdafiə qalası və gömrükxana (bəzi alimlərin fikrincə ibadətxana) olmuşdur. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 112 saylı qərarına əsasən Səbail rayonu adlandırılmışdır.