Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılmışdır və kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.
Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyət istiqamətləri
- kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir;
- informasiya sistemlərinin və şəbəkələrinin, kompyuter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir;
- mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edir;
- elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir;
- ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə Nazirlik ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir;
- kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədi ilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Mərkəzin hüquqları
- informasiya sistemləri və şəbəkələri, kompyuter avadanlıqları və onların proqram təminatına qarşı yönəldilmiş və ya yönəldilə biləcək elektron təhlükələr barədə müraciət etmək;
- kibertəhlükəsizlik üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə, o cümlədən operatorlara və internet provayderlərinə məlumat almaq üçün sorğu vermək;
- ölkədə fəaliyyət göstərən kompyuter insidentlərinə qarşı mübarizə mərkəzlərindən elektron təhlükələr və onların nəticələri barədə operativ məlumatlar almaq;
- fəaliyyəti ölkənin ümumi kibertəhlükəsizlik mühitinə zərər vura biləcək informasiya sistem və şəbəkələrində, texniki avadanlıqlarında elektron təhlükələrin qarşısının alınması üçün Nazirliyə təkliflər vermək;
- fəaliyyət istiqamətlərinə aid olan məsələlərin tədqiqi, həlli, eləcə də məsləhət xidmətlərinin göstərilməsi üçün qanunla müəyyən olunmuş qaydada elmi tədqiqat və təhsil müəssisələrini, şirkətləri, müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, işçi qruplar, komissiyalar yaratmaq;
- fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün müvafiq beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq təşkilatları ilə işgüzar əlaqələr yaratmaq.