Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” Qanun, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin Sədri və Sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.
Konstitusiya Məhkəməsi qanunların, qərarların və digər normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlayır. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və ümumi məhkəmələrin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına şərh verir.