Kompleks Qazma İşləri Tresti "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 saylı Fərmanı və ARDNŞ-nin 12 mart 2007-ci il tarixli 51 saylı əmri ilə yaradılmışdır.Trest "Azneft" İstehsalat Birliyinin strukturuna daxil olan "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İdarəsi, "Neft Daşları" Dəniz Qazma İşləri idarəsi, Abşeron Qazma İşləri İdarəsi, Qobustan Kəşfiyyat Qazma İdarəsi, "Qum adası" Dəniz Qazma İşləri İdarəsi, Tamponaj İdarəsi və İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin bazasında yaradılmışdır.
Kompleks Qazma İşləri Trestinin struktur bölümündə 5 qazma işləri idarəsi ("Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İdarəsi, "Sahil" Qazma İşləri İdarəsi, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi, "Abşeron" Qazma İşləri İdarəsi, "Qobustan" Kəşfiyyat Qazma İşləri İdarəsi), "Qazmaservis və Logistika" İdarəsi, Tamponaj İdarəsi, Maddi-Texniki Təchizat İdarəsi və İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsi fəaliyyət göstərir.Kompleks Qazma İşləri Tresti ölkənin quru və dəniz əraziləri üzrə ARDNŞ-yə məxsus 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə, maliyyə pozuntularına yol vermədən sifarişçinin tapşırıqlarını vaxtında və keyfiyyətlə həyata keçirməklə, axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır.
Qazma işləri Quba-Xəzəryanı, Yevlax-Ağcabədi, Aşağı Küryanı, Abşeron neftli-qazlı rayonlarında, dəniz akvatoriyası üzrə Bakı və Abşeron arxipelaqında həyata keçirilir.Sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, respublikada neft-qaz hasilatının sabit saxlanılması üçün istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədi ilə Kompleks Qazma İşləri Tresti ARDNŞ-nin strukturuna daxil olan və böyük elmi potensiala malik olan idarələrlə ("Neftqazelmitədqiqatlayihə" İnstitutu , İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Geofizika və Geologiya İdarəsi və s.) sıx əməkdaşlıq edir.Kompleks Qazma İşləri Trestinin tərkibində yeni yaradılmış "Qazmaservis və Logistika" İdarəsi geniş profilli xidmət, təmir, qüllə tikintisi, maili quyuların qazılması işlərini yerinə yetirməklə ölkədaxili başqa qazma təşkilatları ilə yanaşı, gələcəkdə xarici ölkələrdə qazma işlərinin xidmət sahəsinə inteqrasiya etməyə hazırlaşır.