Mərkəzi Seçki Komissiyası Azərbaycan SSR Ali Sovetinin 26 iyun 1990-cı il tarixli Qərarı ilə yaradılmış, Azərbaycan Respublikasının 15 may 1998-ci il Qanunu ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası adlandırılmışdır.Mərkəzi Seçki Komissiyası daimi fəaliyyət göstərən dövlət orqanıdır. MSK Prezident seçkilərinin, Milli Məclis deputatları seçkilərinin, referendumların və bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsini təmin edir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 83, 101 və 142-ci maddələrinə uyğun olaraq daimi fəaliyyət göstərən dövlət orqanıdır.Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.Mərkəzi Seçki Komissiyasının öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar və normativ xarakterli aktlar dövlət orqanları, bələdiyyə qurumları, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, vəzifəli şəxslər və seçicilər üçün məcburidir.