AMEA-nın Mərkəzi Botanika Bağı xəritədə

AMEA-nın Mərkəzi Botanika Bağı

Bakı, Səbail rayonu, Badamdar şossesi, 40 AZ1073 *** 1 səs

AMEA-nın Mərkəzi Botanika Bağı haqqında

1934-cü ilin iyul ayının 3-də Mərkəzi Nəbatat Bağı və Botanika İnstitutu üçün Dağüstü parkdan başlamış "Qurd qapısı"na gedən yol arasında 80-100 hektar sahə ayrılması və sahənin su ilə təchiz edilməsi barədə qərar qəbul edilir.Abşeron yarımadasının cənubi-şərq hissəsində, dəniz səviyyəsindən 105-135 metr hündürlükdə salınan Mərkəzi Nəbatat Bağı Bakının cənub-şərq sisteminin yaşıl zonasına daxil olaraq, eyni zamanda onun yaşıl mədəni-mərkəzlərindən biri hesab olunur.

Mərkəzi Nəbatat Bağının fəaliyyəti

Mərkəzi Nəbatat Bağının elmi əhəmiyyəti kserofit floranın bütün məcmusu ilə nümayiş etdirilməsinin təkcə Sovetlər məkanında deyil, eləcə də Avropada analoqunun olmaması ilə müəyyən edilir. Bu Bakı şəhərinin coğrafi cəhətdən Asiya və Avropa florasının qovuşuğunda yerləşməsi ilə izah olunur. Bundan əlavə Bakıda botanikləri öz ətrafında birləşdirən Nəbatat Bağının olması, onu elmi-tədqiqat işlərinin və botaniki fikrin mərkəzi etdi.Nəbatat Bağında respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində geniş elmi-tədqiqat işləri aparılır.

Nəbatat Bağında bitki kolleksiyaları

Nəbatat Bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından olan 2000-dən artıq ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanmışdır.1960-1978-ci illər bağın çiçəkləndiyi illər hesab olunur. Bu illərdə Nəbatat Bağı Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Naxçıvan MR-nın yaşıllaşdırılması üçün 100 növdən ibarət 10 minlərlə ağac, kol və çiçək bitkiləri vermiş, o cümlədən Bakı şəhərinin Yaşıllaşdırma İdarəsinə və Abşeronun sənaye müəssisələrinə, Bakı Məişət Kondisionerləri zavoduna, Azərelektroterm, radio, gəmi təmiri zavodlarına, məktəb və bağçaların yaşıllaşdırmasına köməklik göstərmişdir.

Həmin illərdə Nəbatat Bağı 70 xarici ölkənin 290 Nəbatat bağları ilə toxum mübadiləsi aparmış, dərman, efiryağlı, sənaye və bəzək əhəmiyyətli bitkilərin aqrotexniki tövsiyələrini hazırlayıb təsərrüfatlara vermişdir.Hazırda Bağda Qafqaz florasından olan 125 növ nadir və nəsli kəsilməkdə olan və adları keçmiş SSRİ-nin və Azərbaycanın "Qırmızı Kitab"larına daxil edilmiş bitki kolleksiyası vardır. Mərkəzi Nəbatat Bağının nəzdində Elmi Şura fəaliyyət göstərir.Mərkəzi Nəbatat Bağı bir mədəni-maarif ocağı, yaşıllıq məbədi, respublikamızın canlı yaşıl muzeyi olmaqla, qiymətli, nadir bitkilərin genofondunun qoruyub saxlanması və mühafizəsində əvəzsiz rola malikdir.Hal-hazırda Bağda 126 işçi çalışır.