Bakı Dövlət Layihə Institutu xəritədə

Bakı Dövlət Layihə Institutu

Bakı, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 AZ1000 *** 2 səs

Bakı Dövlət Layihə Institutu haqqında

Bakı Dövlət Layihə İnstitutu 1937-ci ildə yaradılaraq Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin tərkibində layihələndirmə sahəsində fəaliyyətə başlamışdır. Bu müddət ərzində institut sistematik olaraq Bakının şəhərsalma problemlərinin həllini vermiş, infrastrukturunun sxem və layihələrini hazırlamışdır.İnstitutun layihələri əsasında indiyə qədər 15,0 mln. kvadrat metrdən çox yaşayış sahəsi inşa olunmuşdur ki, bu da yüz minlərlə mənzil deməkdir.

İnstitutun fəaliyyəti

Ümumiyyətlə, institut tərəfindən hazırlanmış layihələr əsasında 100-dən artıq bina və qurğu tikilib istifadəyə verilmişdir. Hal-hazırda isə 20 obyektin tikintisi aparılır.İnstitutda şəhərsalma layihələri ilə bərabər çoxsaylı sosial, mədəni, tibbi, idman, təhsil və s. obyektlər layihələndirilmiş və bu layihələr həyata keçirilmişdir. Onlardan: "Gülüstan" və "Respublika" saraylarını, "Qarabağ", "Gənclik" və "Bakı" mehmanxanalarını, T.Bəhramov adına respublika stadionunu, Yüngül Atletika manejini, Xoreoqrafiya məktəbini, Lənkəran şəhərindəki aeroportu, "Günəşli" yaşayış massivini, Mərkəzi universal mağazanı, Sənaye Tikinti Bankının binasını, 500 yerlik sanatoriya layihəsini, "Monolit" d/b yaşayış evini, iripanelli yaşayış evlərinin yeni seriyasını, Dəniz vağzalını, Doğum evini, "Sahil" və "İnşaatçılar" metro stansiyalarını, Dəniz gömrük binasını, Respublika xəstəxanasını, Respublika Prokurorluğunun inzibati binasını, ÇXR səfirliyinin binasını və s. göstərmək olar.

Hal-hazırda Bakı Dövlət Layihə İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki qurumların siyahısı" haqqında 2007-ci il 18 dekabr tarixli 204 nömrəli qərarına uyğun olaraq Komitənin tabeliyində fəaliyyət göstərir.Bakı Dövlət Layihə İnstitutu ilk növbədə Bakı şəhərinin Baş planını işləyib hazırlayan layihə təşkilatı kimi tanınır.Eyni zamanda Bakı Dövlət Layihə İnstitutu uzun illər ölkəmizin görkəmli memarlarının, konstruktor və mühəndislərinin fəaliyyət göstərdiyi bir sənət ocağı olmuşdur. İnstitut yeni memarlıq ənənələrinin yarandığı, tətbiq edildiyi, əsl sənət yarışmalarının baş verdiyi layihə təşkilatı kimi məşhurlaşmışdır.

Fəaliyyətdə olduğu 74 il ərzində Azərbaycanda memarlığın inkişafındakı xidmətlərinə görə institut əməkdaşlarından 11 nəfəri əməkdar memar 7 nəfəri əməkdar mühəndis, 5 nəfəri əməkdar inşaatçı və 8 nəfəri Respublika Dövlət Mükafatı Laureatı adlarına, 3 nəfəri isə Prezidentin fərdi təqaüdünə layıq görülmüşlər. Bu gün institutda 60 nəfərə yaxın əməkdaş çalışır ki, bunların da arasında 1 nəfər Azərbaycan Respublikasının əməkdar memarı, 2 nəfər isə Respublikanın əməkdar mühəndisi vardır.

İnstitutun layihə işləri

  • regional planlaşdırma layihəsi;
  • baş planlar, müfəssəl planlaşdırma, yaşayış rayonlarının tikintisi, yaşayış və mülki binaların layihələri və s.;
  • mühəndis kommunikasiya və nəqliyyat infrastrukturu layihələri;
  • ətraf mühitin mühafizəsi, ekoloji, dendroloji, drenaj və sairə bu kimi layihələri;
  • geodezi və geoloji tədqiqatların və işlərin aparılması;
  • texniki-iqtisadi əsaslandırılmalar;
  • layihələndirmənin idarə olunması və müəllif nəzarətinin həyata keçirilməsi.

Böyük Bakının regional inkişaf planı

Hal-hazırda isə Dünya Bankının xətti ilə maliyyələşdirilən "Böyük Bakının regional inkişaf planı" hazırlanır. Layihənin iqtisadi təkliflərinin və inkişaf proqramının hazırlanmasına xarici şirkətlər də cəlb olunacaq. Layihənin əsas koordinatoru Bakı Dövlət Layihə İnstitutudur. Şəhərsalma və sosial-mədəni tikinti sahəsinin inkişaf etdirilməsi barədə ölkə prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu məqsəd və tapşırıqlar əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müəyyən etdiyi və yürütdüyü xətt institutun kollektivi tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanmış və bu istiqamətdə ardıcıl işlər görülür. Qısa bir müddət ərzində icrasına başlanılan yuxarıda göstərilən "Böyük Bakının regional inkişaf planı" və sairə bu kimi böyük layihələr bunun bariz nümunəsidir. Bakı Dövlət Layihə İnstitutunun özəyini təşkil edən təcrübəli mütəxəssislər və cəlb edilən gənc kadrlar öz bilik və bacarıqlarını əsirgəmədən çalışırlar. Kollektiv ölkəmizdə gedən böyük qurulucuq prossesinə öz töhfəsini vermək, doğma şəhərimizin daha da gözəlləşməsində yeni-yeni uğurlara imza atmaq əzmindədir.