Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Bakı şəhərinin Xəzər rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.
Xəzər rayonu Abşeron yarımadasının şimal-şərqində yerləşir və Bakı iqtisadi zonasına daxildir. Bakı şəhərinin 11 inzibati rayonundan biridir. Xəzər rayonu 1960-cı ildə yaradılmışdır. Rayonda 12 qəsəbə vardır ki, bunlar da 12 ərazi nümayəndəliyi və 10 bələdiyyə vasitəsilə idarə olunur. Rayonda 11 turizm obyekti, 2 peşə məktəbi, 2 ali məktəb - Azərbaycan Respublikası Polis Akademiyası və Milli Aviasiya Akademiyası fəaliyyət göstərir.
11 may 2010-cu ilədək rayon XX əsrin əvvəlində fəaliyyət göstərmiş Azərbaycan bolşevik inqilabçısı Məşədi Əzizbəyovun adını daşımışdır. Rayonda şəhərin ən iri ticarət, idman və turizm mərkəzləri fəaliyyət göstərir. Rayonun ümumi ərazisi 403.6 kv.km-dir. Su ərazisi 384 min kv.m-dir. Əhalisinin sayı 124 min 818 nəfərdir (yanvar, 2008-ci il). Rayonda yerləşən 60-a yaxın pansionat, sanatoriya və uşaq düşərgələrində, həmçinin bağ massivlərində ermənilərin işğalçılıq siyasəti nəticəsində didərgin düşmüş 15 minə yaxın məcburi köçkün və qaçqın məskunlaşmışdır.