Azərbaycan Tibb Universiteti 1930-cu il may ayının 9-da Bakı Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tibb fakültəsi bazası əsasında yaradılmışdır. Deməli, ATU tarixi baxımdan 1919-cu il sentyabrın 1-də təsis edilmiş Bakı Universitetinin (BU) tibb fakültəsinin varisidir. BU-nun tibb fakültəsinin təşkilində Tiflisdə (Tbilisidə) yeni yaradılmış Zaqafqaziya Universiteti bağlandıqdan sonra Bakıya gələn V.İ.Razumovski, İ.İ.Şirokoqorov, F.İ.İlyin və b. ilə yanaşı, sonralar məşhur alimlər, akademiklər, professorlar olmuş gənc azərbaycanlı həkimlərdən M.Mirqasımov, M.Topçubaşov, A.Şahtaxtinskaya, Q.Ağabəyov və b. fəal iştirak etmişlər.
Tibb sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında Azərbaycan Tibb Universitetinin keçdiyi yol Respublikamızın səhiyyəsinin inkişafında pillələrdən birini təşkil edir. Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. Bakı Dövlət Universitetinin yaradılmasının təşəbbüsçüləri ilk Azərbaycan Demokratik Respublikasının rəhbərliyi və respublikanın ziyalı təbəqəsi olmuşdur. Artıq 1919-cu ilin may ayında tanınmış cərrah professor İ.Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında verdiyi 28799 saylı qərarı bu sahədə ən mühüm addım oldu.İnstitutun fəaliyyətinin ilk günlərində Azərbaycan dilində də tədris bölməsinin yaradılması haqqında qərar qəbul edildi. Müvafiq surətdə yeni kafedralar təşkil edildi, milli dildə dərsliklər nəşrinə başlandı.1957-ci il 29 aprel tarixində institut üçün tarixi gün oldu. Azərbaycan Respublikası Ali Sovetinin fərmanına əsasən, instituta tanınmış ictimai xadim, həkim, yazıçı Nəriman Nərimanovun adı verildi və institutun bütün sonrakı fəaliyyəti onun adı ilə bağlı oldu.
Universitetin müalicə, pediatriya tibbi profilaktika, tibbi biologiya, stomatologiya və əczaçılıq fakültələrində 7658 tələbə və hazırlıq şöbəsinin 68 dinləyicisi təhsil alır. Burada təhsil alan tələbələrdən 472 nəfəri Türkiyə, İran, Asiya, Afrika və Latın Amerikası ölkələrindən gələn gənclərdir.Universitetdə 75 kafedranın əməkdaşları, o cümlədən, Azərbaycan Respublikası Elmlər Akademiyasının 2 akademiki, 1 müxbir üzvü, 15 əməkdar elm xadimi, 21 əməkdar həkim, 118 professor, 284 dosent, 513 assistent və 212 müəllim müxtəlif ixtisaslı kadrların hazırlanmasına xidmət edir. Bundan əlavə, 60 aspirant və başqa tibbi müəssisələrindən ezam edilmiş 90 tədqiqatçı elmi-tədqiqatla məşğul olur, 49 həkim ordinaturada təhsil alır.
İndi Universitetin 6 tədris korpusu vardır. Məşğələlər Bakı şəhərinin klinik xəstəxanalarının bazasında, doğum evlərində, dispanserlərdə, poliklinikalarda, mərkəzi apteklərdə və gigiyena-epidemiologiya mərkəzlərində aparılır. Tələbələr istehsalat təcrübələrini Respublikanın tibbi və aptek müəssisələrində keçirlər.Universitetdə sosial məsələlərin həllinə böyük qayğı göstərilir. Universitetin Həmkarlar İttifaqı Təşkilatı 2250 əməkdaşı öz ətrafında birləşdirir.
Klinik kafedraların professor və müəllimləri xəstəxana bazalarında, poliklinikalarda fəal çalışırlar. Əhaliyə tibbi xidməti yaxşılaşdırmaq üçün yüksək ixtisaslı mütəxəssis briqadaları zona və zonalararası elmi praktik konfranslar, seminarlar keçirir, rayon tibbi müəssisələrinə himayədarlıq edirlər. Universitetdə hazırlanmış kompleks proqrama əsasən uşaq ölümünü azaltmaq, doğumun saymı artırmaq üçün bir sıra tədbirlər həyata keçirilmişdir.