Ağdam Rayon İcra Hakimiyyəti xəritədə

Ağdam Rayon İcra Hakimiyyəti

Quzanlı qəsəbəsi, Ağdam AZ1000 *** 1 səs

Ağdam Rayon İcra Hakimiyyəti haqqında

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var.

Rayonun tarixi

Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.