Vim Delvuanın fərdi sərgisi

Vim Delvuanın fərdi sərgisi
Məkan:

Heydər Əliyev Mərkəzi

Başlanma tarixi: 13 Aprel Bitmə tarixi: 27 Sentyabr

Aprelin 13-də Heydər Əliyev Mərkəzində məşhur belçikalı rəssam, müasir incəsənətin tanınmış simalarından olan Vim Delvuanın fərdi sərgisinin açılış mərasimi keçiriləcək. Sentyabrın 27-dək davam edəcək sərgidə müəllifin 50-dək əsəri təqdim olunacaq. Açılış mərasimi ərəfəsində Vim Delvuanın əsərlərinin reproduksiyasını əhatə edən kataloq nəşr olunub. Nəşrə ön sözü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb.

Vim Delvua 1965-ci ildə Belçikada anadan olub, Gent şəhərində Kral İncəsənət Akademiyasını bitirib. O, 1985-ci ildən Avropanın sənət ənənələrini müasir kütləvi mədəniyyət konteksində təqdim edərək özünəməxsus əsərlər yaradır. Rəssamın psevdoqotik üslubda yaratdığı heykəllər - naxış və ornamentlərin müasir süjetlərlə birləşdiyi əsərlər ona şöhrət qazandırıb. V.Delvua əsərlərində müxtəlif kontekstli elementləri birləşdirir, bununla da əşyalar öz məlum xarakterlərini itirir, yeni məna və məzmun alır. Vim Delvuanın indiyə qədər Luvr Muzeyində, Parisin Jorj Pompidu adına Milli Mədəniyyət və İncəsənət Muzeyində, Nyu-York Yeni Muzeyində, Lion Müasir İncəsənət Muzeyində, Venesiyanın Peqqi Quqqenhaym Muzeyində fərdi sərgiləri açılıb. O, 1990-cı ildə Venesiya Biennalesinin və 1992-ci ildə isə Almaniyanın Kassel şəhərində keçirilmiş “Documenta IX”sərgisinin iştirakçısı olub.

Mənbə