7 mart tarixində Port Baku Mall ticarət mərkəzində Elmira Abbaslının 'Sultanın favoriti' sərgisinin açılışı olacaq.
Tərcümeyi-hal
Abbaslı Elmira Mikayıl qızı Bakı şəhərində, onun tarixi-memarlıq hissəsi olan İçəri şəhərdə anadan olmuşdur.
Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olmuşdur. O, SSRİ (hazırda Azərbaycan) Rəssamlar Birliyinin və Rusiya Peşəkar Rəssamlar Birliyinin üzvü, Krakovda (1989-cu il) İkinci Beynəlxalq Biennal folklor kukla festivalının bürünc mükafatçısı, beynəlxalq sərgilərin diplomçusudur.
O, rəssam və dizayner, “Çeşmə” kukla mərkəzi nəzdində Bakıda (1994-1996-cı illər) ilk özəl Kukla və milli geyim muzeyinin banilərindən biridir.
Rəssam, müəllifi olduğu bədii kuklaların hazırlanması ilə 1983-cü ildən məşğuldur. O, həm də Azərbaycanda peşəkar bədii müəllif kuklalarının ilk yaradıcısıdır. Elmira xanım 10 il müddət ərzində Uşaq Rəsm Qalereyasında dərs demişdir. O, Beynəlxalq, Ümumittifaq və Respublika sərgilərinin iştirakçısıdır.
Elmira Abbaslının əsərlərinə həm kolleksiyaçılar, həm də dövlət başçıları tərəfindən böyük maraq göstərilir: dövlət başçılarına, şəhərin qonaqlarına, səhnə ulduzlarına və digər rəsmi şəxslərə hədiyyə şəklində təqdim olunur. Elmira Abbaslının əsərləri Rusiya, ABŞ, İngiltərə, Şotlandiya, Yaponiya, Çin, Malta, Almaniya, Fransa və s. ölkələrin şəxsi kolleksiyalarında “yaşayır və fəaliyyət göstərir”.
Elmira Abbaslının iki qızı var, o, Bakıda yaşayır, yaradır və öz təcrübəsini öz tələbələri ilə bölüşür.
Bu gün o, mahiyyət etibarilə fəlsəfi, məna cəhətdən yüksək mənəvi, mürəkkəb fantaziyalı kompozisiyalar yaradır.