2-5 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzər regionunun enerji sənayesinin nailiyyətləri üzrə yeganə ixtisaslaşmış tədbir – 5-ci Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ enerji (“Caspian Power 2015”) sərgisi təşkil olunacaq. “Caspian Power 2015” sərgisi “ITE Group” şirkətinin energetika üzrə təşkil etdiyi aparıcı tədbirlərdən biridir və sənaye sərgiləri arasında özünü doğrultmuş brend hesab olunur. Sərgiyə rəsmi dəstək Azərbaycan Respublikası Energetika Nazirliyi, habelə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən göstərilir.
İştirakçıların coğrafiyası Azərbaycan, Belarus, Rumıniya, Türkiyə və digər ölkələri əhatə edir. Sərginin iştirakçıları arasında energetika texnologiyaları üzrə aparıcı təchizat şirkətləri – “Alce Elektrik”, “Ardich elektrik”, “Electroalfa”, “Germen Electronic”, “Goknur”, “Nobel Electric”, “Schneider Electric”, “STP”, “Vitta”, Kozlov adına Minsk Elektrotexnika Zavodu və digər müəssisələr yer alır. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də iştirak edir.
Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin texniki və kommersiya uçotu üzrə avtomatlaşdırılmış sistemlər, işıq diodlar, günəş batareyası panelləri, işıq diodlu (“LED”) indikatorlar, işıqlandırma qurğuları, müxtəlif kabel məhsulları, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir işıqlandırma sistemləri, transformatorlar, izolyatorlar, elektrik açarları və digər məhsullar təqdim olunur.
Beləliklə, “Caspian Power 2015” sərgisi elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, elektroenergetika üzrə ən son texnoloji nailiyyətlər və inkişaf strategiyası ilə tanış olmaq, eləcə də yeni səmərəli və qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaq və bu əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradır.
Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.