Yay kampaniyasi və ya niyə yerli brendlər milli dəyərlərə önəm vermirlər

Yay kampaniyasi və ya niyə yerli brendlər milli dəyərlərə önəm vermirlər
1213

Bu yazıda mən şirkətlərimizin Ramazan ayında «aktivliyi» barədə yazmaq istəyirəm.

Hər hansısa bir tədbir, bayram və ya hadisə şirkətlər üçün gözəl bir fürsətdir. Ən kreativ, ən maraqlı, ən effektli marketinq kampaniyaları bayram ərəfələrində keçirilir. Məsələn, katolik-xristiyan ölkələrində 25 dekabr keçirilən Milad bayramı. Milad hədiyyə, ailə dəyərləri və möcüzələr ilə əlaqələndirilir. Və dünya brendləri bu hadisəyə əvvəlcədən çox yüksək səviyyədə hazırlaşırlar. Hətta marketinq büdcəsi hesablananda Milad bayramı ayrıca qeyd olunur. Şirkətlərin məqsədi insanlarda onların brenlərinin və bayram ab-havası ilə assosiasiyə yaratmaqdır. Ən məşhur misal Coca-Colanın reklamıdır:

Bu mahnının artıq ilk akkordları səslənəndə biz bilirik ki, bu hansı mahnıdır və hansı brenddir. Və Coca-Cola artıq Milad və Yeni İl bayramlarının qeyri-rəsmi simvoluna çevrilib. Lakin, marketinqin Olimpindən düşək Azərbaycan reallıqlarına.

Hal-hazırda biz Mübarək Ramazan ayının içindəyik. Xristianlar üçün Milad kimi, Ramazan ayı müsəlmanlar üçün də vacib bir bayramdır. Üstəlik Ramazan ayı 30 gün müddətində davam edir. Onun ilk günü əvvəlcədən bəllidir və şirkətlər hətta ilin əvvəlində bu bayrama hazırlaşa bilərlər. Marketinq şöbələri üçün öz kreativliyini işlətmək üçün əla bir fürsətdir: Ramazan ayı 14 əsrdir Azərbaycanda qeyd olunur, milli bayrama çevrilib, mərhəmət və dostluq rəmzidir və s. Amma…

Mənə birdən maraqlı gəldi ki, niyə marketinq aləmində bu qədər sakitçilikdir. Niyə heç bir maraqlı reklam, kampaniya və ya aksiya keçirilmir? Yoxsa mənim rastıma gəlməyib? Və başladım araşdırmağa. Birinci növbədə Facebook-da TOP20 fan sayı olan şirkətləri yoxladım:

 

20 Brenddən cəmi üçü (Bakcell, Chevrolet Azərbaycan və Baku Electronics) Ramazan ayı üçün özəl bir kampaniya fikirləşiblər:

Bakcell

Chevrolet Azərbaycan

Baku Electronics


Mən bununla kifayətlənmədim digər brendləri yoxladım: qida sektoru, mebel, nəqliyyat və s. Təqdirə layiq kampaniya yalnız Bazarstore-da idi:

Vəssalam. Digərlərdə ola bilsin kimdəsə cüzi endirim və ya pulsuz çatdırılma olsun. Başqa heçnə. Mən hələ reklamlardan danışmıram. Ramazan ayı üçün özəl bir aksiya əvəzinə şirkətlər yay kampaniyaları keçirdirlər: istirahət, çimərlik, diskoteka, əyləncə və s. (Yazımın adı da bundan irəli gəlir). Bu ABŞ-da brendlərin Milad kampaniyası əvəzinə qıs kampaniyası keçirilməsinə bənzəyir. Orada belə bir brend dərhal batacaq.

Əslində, şirkətlər bununla böyük bir fürsətləri əldən buraxırlar: brendi belə bir gözəl bayram ilə assosiasiya yaratmaq ilə bir zərbə ilə iki dovşanı vurmaq olardı:

  • Digər şirkətlərin passivliyindən istifadə edərək fərqlənmək
  • Brendi Ramazan ayı ilə əlaqələndirmək.

Nədən danışdığımı daha dəqiq izah etmək üçün keçən il People Brand şirkəti Westgold üçün çəkilmiş çox gözəl bir reklam çarxına baxmaq lazımdır:

Bu reklam çarxı o qədər xoşuma gəlmişdir ki, hələ də marketlərdə yağ şöbəsinə yaxınlaşanda, bu videonu yada salıb Westgold-u alıram. Çünki bir dəqiqəlik videoda Ramazan ayını bütün dəyərlərini birləşdirə biliblər.

Bu il isə nədənsə şirkətlər çox passiv idi. Bunun üç səbəbi ola bilər:

  • Böhran. Bəli, böhran şirkətlərin büdcələrinə öz təsirini göstərib. Lakin, böhranda daha ağıllı addımları atmaqla şirkət öz rəqiblərini qabaqlaya bilər. Ramazan ayı da bu fürsətlərdən biridir
  • Avropa oyunları. Ölkəmizdə Avropa Oyunlarına böyük maraq olduğuna görə hansısa digər kampaniya tində qala bilərdi. Lakin, ən azından sosial şəbəkələrdə Ramazan, oruc, iftar, imsak ilə bağlı statuslar, məscidlərdə olan adamların sayından görmək olar ki, bu il bu bayrama önəm daha da yüksəkdir. Və Avropa Oyunları həmin hədəf kütləsi ilə kommunikasiyada heç bir maneçilik törətmirdi.
  • Hətta «Ramazan ayı üçün hər bir brend özəl kampaniya keçirə bilməz» deyənlər də var. Bunun cavabını mən yox, Türkiyə brendləri Sizə verəcək

Turkcell (telekommunikasiya)

Coca-Cola (qida)

Media Markt (elektronika)

Turkish Airlines (avialiniya)

Total (yanacaq)

Paraf (plastik kartlar)

KüveytTürk (bank)

Onlarla belə misallar gətirmək olar. Youtube-da «Ramazan reklamı 2015″ yazıb bütün reklamlara baxa bilərsiniz. Deməli, gördüyünüz kimi sektordan asılı olmayaraq Ramazan ayı üçün marketinq kampaniyasını keçirmək mümkündür. Ümid var ki, şirkətlərimiz bayrama yaxın hansısa bir maraqlı tədbir görsünlər. Baxaq görək. Maraqlı bir şey olsa, mütləq bu haqda yazacam.

Allah orucunuzu qəbul etsin! İşlərinizdə uğurlar!

Müəllif: Samir Kərimov

Mənbə: http://samirkarimov.com