Rusiyanın məşhur, deyərdim ki, bizim uşaqlığımızın ən sevimli musiqi qruplarından biri olan ‘Руки вверх’ qrupu haqqında 2013-cü ildə hazırlanan sənədli filmdə bu qrupun populyarlığın ilk illərində produserin Jukov və Potexinin həyat təcrübəsizliyindən istifadə edib xeyli pulun arxasına keçdiyi məqamı da salmışdılar. Eyni təcrübəni məşhur Muhammad Ali də, bizim ‘Tək Səbir’ telelayihəsinin iştirakçıları da və bir çox məşhurlar da yaşayıblar. Aldadılanlar kifayət qədər məşhur, populyar və milyonların sevgisini qazanan insanlardırlar. Onların şəxsiyyətinə maksimum hörmətlə yanaşaraq, amma bir irad bildirmək istəyirəm. Bu insanların həyatda bəzən xırda hesab etdiyimiz məsələlərə əhəmiyyət verməmələri və ya bəzən də məlumatlı olmaları onların bu vəziyyətə gəlib düşməsinə səbəb olub. Maraqlıdır bizim özümüz də bəlkə elə indidin özündə də belə vəziyyətlərə ara-sıra düşürük. Gələcəkdə belə vəziyyətlərin minimum azalması üçün özümə və sizə tövsiyyələrim var.
1-2 kitab oxuyandan sonra başlayırıq ki, pul bizim üçün alətdir filan deməyə. Zatən kitablarda belə yazılır, gərək oxuduğunu sözdə də olsa, o da olmasa heç olmasa Facebook-da ‘yaşayasan’. Amma aylıq gələn pulun həcmi artıb, azalanda konkret oluruq alət. Pulun və şəxsi büdcənin idarəedilməsi ilə bağlı mütləq əlavə yazı yazacağam. Sadəcə burada deməyi vacib bilirəm ki, pulun həcmini başa düşmək çox vacibdir. Bir ailə aylıq, illik gəlirini proqnozlaşdıra bilmirsə, gəlirlər və xərcləri qruplaşdırıb onları təxmini paylara bölə bilmirsə demirəm ki, pulun bərəkəti olmayacaq, amma pulun itkisi çox olacaq. Eləcə də şirkətdə işçi onun işinin, fəaliyyətinə hansı gəliri gətirdiyini və ya onun hər hansı bir fərqli yanaşmasının şirkətə nə qədər qənaət gətirdiyini bilmirsə o zaman effektivlik də aşağı olur. Amma gərək bunu ailə başçısı və şirkət rəhbəri də nəzərə alsın. Çünki adətən pul-maliyyə biliyi və duyumu aşağı olan rəhbərlər pulun başına daş salırlar.
Siyasətdən başı çıxmaq Obamanı ‘neprav’ çıxarmaq deyil təbii ki. Siyasiləşdirməyin deyib siyasətdən uzaq olduğunu fəxrlə göstərmək də heç yaxşı deyil. Ümumiyyətcə siyasəti ölkələr arası münasibətdən kənar başqa anlamda başa düşməmək yaxşı hal deyil. Tam səmimi insanları başa düşmürəm. Mən sözü üzə deyirəm deyib həyatda ən sadə vəziyyətlərdə belə biclik edə bilməmək, xüsusən də indiki dövrdə futbol oyununa 10 nəfərlə başlamaq kimi bir şeydir. İşlədiyin yeri siyasətindən baş açmamaq, iş yoldaşlarının siyasətini sezməmək, 4 nəfər bir yerdə olanda 1 nəfərin bilməməli olduğu məsələni ustalıqla ört-basdır edə bilməmək və həddən artıq səmimi olmaq sonradan insanın özünü aldadılmış vəziyyətin qoyur. Siyasətdən başı çıxmaq tək özünün istifadəsi üçün deyil, həm də digərlərinin sənə qarşı istifadə etdiyi siyasəti də başa düşməyə imkan verir.
Bu günlərdə daxili təlim kursunda həmkarımız bizə Excel-dən maraqlı funksiyaları öyrədirdi. Baxırsan ki, hamımız CV-yə mütləq olaraq Microsoft Excel-i yazırıq, amma bu proqramın çox sadə və işimizi rahatlaşdıran funksiyalarından məlumatsızıq. Yaxud da hansısa xarici dili öyrənirik, qat-qat kitablar oxuyuruq amma bəzən iş praktikaya çatanda arpanı gah birinin qabağına qoyuruq, gah da o birinin qabağına. Kompüterin, adi mobil telefonundan sadə öyrənilə bilinən vacib və faydalı funksiyalarını ən yaxşı halda onu aldıqdan 1-2 ildən sonra öyrənirik. Həyatda hər bir insanın özünəməxsus təcrübəsi olur. Ona görə də biliyin böyüyü, kiçiyi məsələsini elə yaşda da göstərmək olar. 5 yaşında uşaqdan da ibrətamiz nə isə mütləq öyrənmək olur. O gün hətta bir bloq oxuyurdum, başlığı belə idi ki, ‘İtimdən öyrəndiyim 10 şey’.
Təbii ki, mən yazıya başlayanda qeyd etdiyim şəxslərin bu bilik və bacarıqlarının olmasına şübhə etmirəm. Amma bəzən xırda və vacib hesab etmədiyimiz bu bilik və bacarıqları arxa plana keçirir və həyatda oxuduğumuz böyük kitablara, məşhurluğumuza, gücümüzə, peşəkarlığımıza, ulduzluğumuza aldanıb ən sadə məsələlərdə belə böyük səhvlər edirik.
Müəllif: İlham Yusifov
Mənbə: http://ilhamaliyusif.com