Valideynləri narahat edən əsas məsələ gənclərin telefona, kompüterə sıx bağlılığıdır. Haqlıdırlar, amma tam yox. Telefon, kompüter və ya planşet, hər birindən indi maksimum faydalı istifadə etmək olar, indi hətta bu cihazlarla universiteti belə uğurla bitirmək olar. Yetər ki, əlinizdə tutduğunuz bu qurğudakı mənasız və faydasız proqramlardan az istifadə edib özünüzü onlayn təhsil dünyasına vurasınız.
İnsanların, xüsusən gənclərin təhsil ilə bağlı ən çox etdiyi bəhanə puldur. Pulum olsaydı mən də xaricdə oxuyardım, indi yaxşı iş tapardım deməklə illər boş-boşuna keçir. Dünya dəyişibdir. Milyonları ətrafına toplayan onlayn təhsil platformaları demək olar ki, hər bir sahə üzrə pulsuz proqramlar və kurslar təklif edirlər. Yəqin ki, Coursea, TED haqqında məlumatınız var.
Dünən Birləşmiş Krallığın ən böyük onlayn təhsil portalı FutureLearn-in kontent rəhbəri Nigel Smith-in təqdimatında iştirak etmək və onunla görüşmək imkanım oldu. Təqdimat və görüşdən ilhamlanaraq qısaca fikirlərimi nəzərinizə çatdıraram:
Universitet cibinizdədir
Yaxud da çantanızda, divanınızda. Onlayn təhsil platformalarına siz internet olan istənilən yerdə daxil ola bilirsiniz. Avtobusda, evdə, universitetdə (kaş bizim dövrümüzdə belə imkanlar olardı) yaxud da telefonla daha çox vaxt keçirdiyiniz digər yerlərdə. Qulaqcığınız da olsa pis olmaz.
Dil baryeri
Belə proqramlar əsasən İngilis dilində olur. Bunun üçün Youtube-da, TED platformasında sadə videolara baxmaqla, sadə karyera və biznes kitabları oxumaqla belə böyük proqramlara özünüzü hazırlaya bilərsiniz. İngilis dilini öyrənməklə gələcəyiniz üçün 3 böyük addımdan 1-i atacaqsınız. Qalan 2-nə növbəti yazılarda toxunarıq.
Paylaşmaq imkanı
Onlayn proqramlarda iştirak etmək ilk baxışdan fərdi xarakterli görünsə də indi onlayn platformalar paylaşmaq, fikirləri bölüşmək üçün geniş imkanlar yaradır. İnsanlar bir-birindən öyrənirlər və bunlar hamısı onlayn platformada baş verir, hansısa sosial media plaformalarına çıxmağa ehtiyac yoxdur. Orada axı qoy buna da baxım, onu da edim deyib çox vaxt itiririk. Təəcüblü ola bilər, amma onlayn kurslara qatılan tələbələrə görə Ukrayna, Səudiyyə Ərəbistanı, Nigeriya FutureLearn platformasında ilk 10luqdadır. Burada siz beynəlxalq mühiti hiss edirsiniz.
Bizim o vaxtımız deyil
FutureLearn platformasında istifadəçilərin 40 %-dən çoxu 35 yaşdan yuxarı insanlardır. Oxumaq ömürboyu olmalıdır və indiki dövrdə biznes proseslərə çevik reaksiyanı verə bilmək üçün yeni trendlərlə tanış olmaq üçün onlayn təhsil əla imkandır.
Bunlar nədən qazanırlar?
Onlayn kurs təşkil edən platformalar zaman-zaman bəzi kursları ödənişli təqdim edirlər. Həm də bəzi platformalar pulsuz kursu bitirənlərə sertifikatı pul ilə təqdim edirlər. FutureLearn bunun üçün təxminən hər sertifikata 50 manat alır. Eyni zamanda bu platformalar qlobal təhsil bazarında universitetləri də təbliğ edirlər dolayısı ilə. Nəyisə pulsuz öyrənmək istəyən üçün məncə bu sual elə vacib olmamalıdır.
Dünya dəyişibdir. Pul ödəyib onlayn təhsil alanların sayı artır. Əlbəttə bu üzbəüz təhsil ilə müqayisədə cəlbedici görünmür, amma çox effektiv alətdir. Nə qədər ki, pulsuz onlayn təhsil almaq imkanları varsa bundan istifadə etməməyin adı məncə tənbəllikdir.
Müəllif: İlham Yusifov
Mənbə: http://ilhamaliyusif.com