Uşaqlar yazıçı Reyhan Yusifqızının əsərlərini səhnələşdirdilər

Uşaqlar yazıçı Reyhan Yusifqızının əsərlərini səhnələşdirdilər
2110

19 may 2015-ci il tarixində 23 saylı orta məktəbin 3A sinif şagirdləri uşaqların sevimlisi, yazıçı Reyhan Yusifqızının əsərlərini səhnələşdirib təqdim etdilər. Təqdimatda məktəbin direktoru Yuliya Kərimova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, uşaq ədəbiyyatı tədqiqatçısı, tərcüməçi Füzuli Əsgərli, TPİ-nun direktor müavini Ənvər Abbasov, Altun kitab nəsriyyatının direktoru Rafik Ismayılov, F.Kocərli adına Respublika uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova və s. qonaqlar iştirak edirdilər.

Tədbirin təşkilatçısı 3A sinfinin rəhbəri, əməkdar müəllim Solmaz Abdullayeva giriş sözü ilə qonaqları salamladı və qeyd etdi ki, bu, dərs dediyi 3A sinfinin “Biz nə oxuyuruq” layihəsi çərçivəsində 3-cü hesabat tədbiridir. Birinci tədbir “Nağıllar aləminə səyahət” adlanırdı. A. Şaiqin əsərlərini oxuduqdan sonra “Bir günəşin zərrəsiyik” adlı ikinci tədbir keçirilmişdi. İndi isə uşaqlar sinifdənxaric oxu dərslərində, həmçinin Azərbaycan dili dərsliklərində mətnləri ilə tanış olduqları və sevə-sevə oxuduqları Reyhan Yusifqızının əsərləri əsasında tamaşa hazırlayıblar.

Sonra söz balaca aktyorlara verildi. “Tələtin sirri”, “İki gül”, “Hamıdan qəşəng” əsərləri əsasında qurulmuş pyesləri uşaqlar sevə-sevə nümayiş etdirdilər. Balaca iştirakçılar həmçinin rəqs, mahnı və başqa nömrələr də göstərdilər. Yekunda qonaqlar ürək sözlərini söyləyib uşaqları təbrik etdilər.