Uğurun kökü və ''chip tuning''

Xəyal qurmaq həyatımızdakı hadisələrin başlanğıcı, bir növ təməl atma mərasimidir. Çünki, xəyallarımızı planlara çevirə bilərsək, bizi irəliyə aparar. Yox, eləcə xəyal formasında saxlasaq, şüuraltımızda qalaraq həyata münasibətimizə, bilavasitə davranışlarımıza öz təsirini göstərər. Xəyal bir növ ehtiyacdır. Maslovun iyerarxiyasını xatırlayın; orada qeyd olunan “özünü sübut etmə”, “sayğı görmə” və “aid olma / sevilmə” ehtiyaclarımız sırf xəyallarımızın üstündə ucalır. Xəyallarımız həm də uğurumuzun köküdür – insan uğuru onun xəyalları üzərində boy atır. Qurduğumuz xəyallarımız meyvələrimizin də keyfiyyətini təyin edir. Əgər pozitiv mövzularda xəyallara qərq olarsaq, nəticədə müsbət həyat yaşamış olarıq.

Bir də xəyallarımızın reallaşması mövzusu var. Həmin reallaşma uzun bir prosesdir. Olduqca çətin və iradə ilə sınağa çəkilən bir mərhələdir. Mənim ağlımda, niyəsə, meşə sahəsi kimi qalır bu proses. Sıx, qaranlıq, küləkli və dumanlı bir meşə… Digər tərəfdəki gözəllikləri və uğuru görə və ya təsəvvür edə bilərsən, amma yenə də qorxursan. Burada insanı qorxudan, məncə, həmin meşəni keçməyə sərf olunacaq zaman amilidir. Bu meşənin qarşısında həm də tutulur insan. O qədər əməyinin nəticəsində bura qədər gəlmisən və nəticəyə çox az qalıb. Lakin, bir anda bütün beyin donur. Sanki bunu şiddətlə istəyən və xəyalını quran sən deyildin. Əgər, öncədən qovuşduğun bir xəyalın varsa, orada səni gözləyən küləyin şiddətini, qaranlıq və dumanlı məqamlarda yolunu itirmə qorxusunu və sıxlığın yolu keçilməz etməsini sümüklərində hiss edirsən. Sonra nə edəcəyini düşünüb qalırsan. Halbuki, bunun da xəyalını qurmusan.

Di gəl ki, bir də səni geri itələyən ümidsizlik və inancsızlıq rüzgarı var… Müthiş özgüvən ilə gəlmisən bura qədər, amma indidən sonra nə edəcəyin sorğulanır. Ən çox ehtiyac duyduğun kəlimələr “Edə biləcəksən, inanıram!”dır. Sən isə, “Edə biləcəksənmi?” və “Nə etməyi düşünürsən?” suallarını, “Edə bilmərsən, yol yaxın ikən, gəl vaz keç” tövsiyyəsini eşidirsən. Cavabların var təbii ki, amma cavabların yeni suallar yaradır. Xəbərdarlıqlar, mənfiliklər və inamsızlıqlar alır sualların yerini. Bu yerdə, həyat amalı “xoda” düşür. Məncə, bu “chip tuning”dir, hamıya lazımdır. Çətin vaxtda “at gücümüzü” (adına keçi inadı gücü də deyə bilərsiniz) artırır. Əgər həyat məqsədin güclü olarsa, ən sağlam ağacı (neqativliyi) da kökündən çıxarda bilir… Bir başqa təsvirlə desəm, batdığın palçıqdan çıxardacaq…

Öz adıma deyim ki, kritik qərarlarımda hər zaman “chip tuning” köməyimə çatıb. İradə göstərdiyim və özümə inandığım (həqiqətən inandığım) məqamlarda yolda qalmamışam və uğuru əldə etmişəm. Allah güc versin, hər zaman uğur qazanaq, inşAllah (elə sən də, mən də).

Sən sən ol, xəyallarını qoru. Bir də mütləq “chip tuning”in olsun…

Müəllif: Gədir Davudov

Mənbə: https://gadirdavudov.wordpress.com