Twitter-in Like funksiyası və sosial şəbəkələrdə başqa hansı dəyişikliklər gözlənilir?
Twitter’in əsas funksiyalarından biri, işarəsi sarı rəngli 5 ulduz olan “Favorite” düyməsi bugündən “Like” düyməsilə – qırmızı rəngli ürək’lə əvəz olundu. Bu düymənin əsas mahiyyəti maraqlı tvitləri yadda saxlayıb, sonradan oxumaq imkanı yaratmaq olsa da, həm ölkəmizdə, həm də digər ölkələrdə daha çox “Like” funksiyasını yerinə yetirirdi. Çünki digər sosial şəbəkələrdən fərqli olaraq Twitter’də “Like” düyməsinin olmaması “Favorite” funksiyasını bunun üçün istifadə etməyə rəvac verirdi. Görünür, Twitter rəhbərliyi də bunun fərqinə vardı və gözləniləni etdi – “Favorite” düyməsini “Like”la əvəz etdi.
Bəs istifadə etdiyimiz sosial şəbəkələrdə daha hansı dəyişikliklər ola bilər?
- Instagram’a “Share” düyməsinin əlavə olunması. Sosial şəbəkələrin əsas özəlliklərindən biri digərlərinin məlumatlarını paylaşmaqdır. Digərlərindən fərqli olaraq Instagram’da paylaşmaq üçün düymə yoxdur. Bunun üçün əlavə tətbiq yükləmək (Repost App) lazım gəlir. Amma bu, əlavə iş və telefonda artıq yer tutulmasıdır ki, bu da heç kimə xoş deyil. Ehtimal ki, yaxın vaxtlarda Instagram application’a “Share” düyməsini əlavə edəcək.
- Twitter’də yazılmış tvitin “Edit” oluna bilməsi. Bu funksiyanın Twitter’də olmaması hərf səhvi etdiyimiz və ya hansısa sözü dəyişmək istədiyimiz tviti silib yenidən yazmağa məcbur edir ki, bu da həmin tvitə gələn “Retweet”, “Like” və “Mention”ların itməsinə səbəb olur. Şirkətin yaxın vaxtlarda bu funksiyanı əlavə edəcəyi gözləniləndi.
- Twitter’də “Favorite” düyməsinə bənzər, daha geniş funksionallı düymənin əlavə olunması. Twitter’də “Bəyənmək” düyməsinin olmaması “Favorite” düyməsindən bəyənmək üçün istifadə edilməsinə səbəb olurdu, amma özü özlüyündə “Favorite” funksiyası faydalı idi. Çünki Twitter daha çox informasiya mübadiləsi üçün faydalı sosial şəbəkədir və şəxsən mən burada saysız maraqlı məqalələr oxuyuram. Başlığı görüb oxuya bilmədiklərimi “Favorite” edib, sonradan oxumaq istəsəm də, dost-tanışın tvitlərini “Like” əvəzi “Favorite” edirdim deyə, o işarələdiyim yazılar itib batırdı. Əslində Twitter “Favorite” funksiyasına bənzər, lakin daha geniş imkanlara sahib olan (məsələn, qovluqlar yarada bilmək: “Marketinq”, “Sosial Şəbəkələr”, “İnfoqrafiklər” və s. tipli) funksiya əlavə edə bilər. Bu halda vaxt edib oxuya bilmədiyin tvitləri işarələyib, sonradan rahat oxuya bilərsən.
Müəllif: Orxan Rzayev
Mənbə: http://orkhanrza.com/