Təsəvvür et ki, sadəcə 5 dəqiqən var!

Təsəvvür et ki, sadəcə 5 dəqiqən var!
1293

Bu günlərdə iştirak etdiyim sosial tədbirlərdən birində yaşca məndən kifayət qədər böyük olan həmsöhbətlərim var idi və yaş və söhbətlərinin maraqlı olması məni daha çox dinləyici statuslu edirdi. Sonradan məlum olacaqdı ki, həmsöhbətlərimdən biri kifayət qədər sadə olsa da övladları ciddi bizneslərə sahibdir və insan özü elm adamı olması ilə yanaşı biznes dəyərləri və strateji idarəetmə üzrə detallı və strukturlu məlumatlıdır. Danışılan mövzulardan mənə yaxın olanları ilə bağlı mənim də 1-2 kəlmə deməyimə imkan düşdükcə ‘5 dəqiqə’ limitimdən istifadə edirdim. Sözün açığına qalsa heç bir limitim yox idi, yuxarıdakı başlıq da simvolikdir. Sadəcə bəzən insan çox gözəl başa düşür ki, sənə meydanı limitsiz versələr belə nə qədər qısa, dəqiq, aydın və eyni zamanda qarşıdakılara hörmətlə danışsan bu bir o qədər sənə baş ucalığı gətirər. Odur ki, elə görüş vaxtı bu yazını yazmaq barəsində düşündüm və yazını daha canlı etmək üçün özümə elə oradaca simvolik olan 5 dəqiqəni verdim ki, fikirlərim pafoslu yox, hər hansı bir məsələyə daha obyektiv münasibətli və düşündürücü olsun.

Belə vəziyyətlərə tez-tez düşürük. İş ilə bağlı, şəxsi görüşlərdə bəzən çox az vaxt olur. Hansısa satış ilə bağlı görüşdə, müsahibədə, lap elə hansısa tədbirin rəsmi ziyafətində kart dəyişmək məqamında özün və təmsil etdiyin təşkilat, bəzən ölkən haqqında məlumat verməli olursan. Əgər ilkin verdiyin məlumatlar qarşındakına maraqlı və uyğun olarsa, ən əsası vaxt imkan verərsə bu danışıqlar uzana bilər və sizin qatıq balonunun üstündəki kimi əlavə bonus dəqiqələriniz ola bilər. Amma ümumi götürəndə həyatımızda 5 dəqiqəlik ayaqüstü görüşlərin sayının çox olmasını nəzərə alıb, istərdim ki gələcək üçün sizi və özümü bəzi məsələlər haqqında düşünməyə dəvət edim:

Özünü təqdimat
Mən özüm çox yaxşı oğlanam demək istəyiriksə düzgün reklam kanalı seçməmişik. Belə görüşlər bunun üçün uyğun məqam deyil. Həm də bu görüşlərdə onsuzda CV-də olanları qısaca danışmağı xahiş edən də olmur. Özünü ilk öncə biznes kartla təqdim etmək imkanı olur və ya sadəcə adımız və ya işlədiyimiz yeri deyə bilirik. Öz təcrübəmdən də deyə bilərəm ki. belə görüşlərdə sonradan söhbət əsasında hətta işlədiyim layihələr, təcrübələr, təhsilim haqqında da söz gəlişi məlumat vermək imkanım olub. Vacib olan odur ki, tələsməmək və ilkin olaraq çox qısa məlumatdan başlamaq lazımdır. Özümüzü az da olsa savadlı hesab ediriksə, vacibdir ki səmimi şəkildə qarşımızdakını özümüzdən də savadlı hesab edək və ona da danışmağa imkan verək.

Təmsil etdiyin təşkilat
Yuxarıda qeyd etdiyim kimi bəzən hansısa tədbirdə təşkilatımızı təmsil edirik. Hazırda çalışdığım təşkilatda kütləvi şəkildə hansısa tədbirə, ziyafətə qatılırıqsa cari layihələrimiz və planlarımız haqqında qısa müzakirə olur ki, belə görüşlər zamanı verdiyimiz məlumatlarda mesajımız effektiv və faydalı olsun. Bəzən hansısa qeyri-rəsmi tədbirdə səni söhbətə tutub öz məhsulları, xidmətləri haqqında danışan insanlara ara-sıra rast gəlmək olur. Əgər məhsul də unikal bir məhsul deyilsə, siz verilən məlumatlara maraq göstərmisinizsə və qarşıdakı insan sanki leksiya oxuyurmuş kimi fasiləsiz 10-15 dəqiqə danışırsa belə insanları 20 ildir ki, əlində Tide qutusu qapını döyərək ‘Gəlin paltarları çirklədib sonra yuyub sınayaq’ deyənlərdən fərqini görmürəm. Təşkilatımız və işlərimiz haqqında danışmaq yaxşıdır, sadəcə ya söhbəti qarşıdakına maraqlı etmək, ya da qısa olmaq lazımdır. Yeri gəlmişkən, bu bloqda ilk yazımda məhz biznes kartlar ilə bağlı bəzi qeydlər etmişdim.

İdeologiya və dəyərlərini unutmamaq
Ola bilər ki, qısa vaxt ərzində hansısa aktual mövzunun müzakirəsi ola bilər. Bu insanı tanımaq baxımından kifayət qədər həssas məqamdır. Xüsusən də aktual mövzu sizdə emosional olaraq narahat vəziyyət yaradırsa. Gündəmdə olan mövzuya əgər Facebook-dan oxuduğumuz şərhlər əsasında hansısa aqressiv və sərt tənqidi münasibətimiz varsa lazım deyil ki, ilk dəfə görüşdüyümüz insanla bu barədə yüksək emosionallıqla danışaq. Özümüzün ideologiyası və dəyərlərini belə məqamlarda da unutmamalı və ruh vəziyyətimizi maksimum stabil edib hansısa bir məsələ haqqında da bizdən fikir soruşulanda ona strateji cavab vermək və ya sadəcə ustalıqla susmağı bacarmaq lazımdır. Susmaq razılıq deməkdir deyib danışaraq partlamamaq lazım deyil.

Bəs qarşımızdakının vaxtını kim sayır?
İstər biznes, istər rəsmi, istərsə də sosial tədbirlərdə demək olar ki, 3 əsas tip insanlar olur. Çox danışan, qulaq asmağı bacaran və danışmağa ürək etməyən. Əgər siz çox danışansınızsa o zaman qabağınızdakının kim olduğunu müəyyən etməyə çalışın. O da çox danışsa gərək vaxtınızı ədalətli böləsiniz. Çünki çox danışan insanlar bir neçə dəqiqədən sonra sözünüzü ağzınızda qoyacaq. Mən isə təklif edərdim ki, qulaqasmağı bacaran tip olmağa çalışaq. Onsuzda çox danışan tapılacaq və biz belə insanlara qulaq asdıqca onun bizimlə ünsiyyətə marağı çox olacaq.

Ola bilsin doğurdan da sadəcə bir neçə saniyəmiz var
Biznes şəbəkələşmə ilə bağlı oxuduğum yazılarda özünü təqdimatda ‘məşhur’ 8 saniyə, 40 saniyə, 1 dəqiqə limitləri ilə bağlı qeydlər var. Baxışlar fərqlidir və qabaqcadan deyim ki, mən bu məsələyə bu qədər punktual yanaşmağın əleyhinəyəm. Reklam materialı deyilik ki, qarşımızdakı insan bizim xronometrajımıza görə bizdən pul istəsin. Sadəcə məsələ odur ki, bəzən istər iş ilə, istərsə də hansısa şəxsi görüşlərdə bizim sadəcə bir neçə saniyəmiz olur ki, özümüz haqqında təəssürat formalaşdıra bilək. İlkin təəssüratın da vacibliyindən əlavə nəsə yazmaq artıqdır. Hansısa konkret vaxt limiti olmadan sadəcə vəziyyətə uyğun özümüzü uzun və qısa təqdim etməyi bacarmalıyıq. Əgər liftdə bir neçə mərtəbə bir yerdə qalxıb-düşəcəyimiz insanla tanış olmaq istəyimiz və ya qısaca müzakirəmiz varsa bunu sadəcə saniyələrə sıxışdıra biləcəyik.

Məşhur atalar sözündə deyildiyi kimi
Beləliklə, məşhur atalar sözündə deyildiyi kimi insanı geyimi ilə qarşılayıb ağlı ilə yola salırlar. Xaricə görünüşə, geyimə bəzən çox üstünlük veririk və qarşıdakı insan haqqında özümüzdə müəyyən fikirlər formalaşdırırıq. Eyni ilə qarşıdakı insanlar da bizim çəngəl tutmağımızdan, nədən nə qədər içməyimizə qədər göz qoya bilər. Amma bütün bunlardan önəmlisi bizim hansı sözə sahib olmağımızdır. Sözün əməl ilə üst-üstə düşüb-düşməmisini deyil, daha çox sözün gücünü, dəyərini və faydalılığını nəzərdə tuturam. Əgər ətrafınızda savadlı və biznes sahəsindən adamlarıdırsa əmin olun ki, sizin sözün dəyəri mütləq qiymətləndiriləcək.

Həyatda insanı uğurlu edən əsas şərtlərdən biri də ələ düşən fürsətləri düzgün istifadə edə bilməsidir. Rəsmi və sosial tədbirlərdə də insanın gələcəyi üçün qarşısına çox gözəl fürsətlər çıxır. Ona görə də belə məqamlara hazır olmaq lazımdır. Yekunda biznes şəbəkələşmənin əsas mahiyyətinin yeni əlaqələrin qurulması və şəxsi və korporativ brendin gücləndirilməsi olmasını unutmadan belə məqamlara hazır olmaqla yanaşı onlardan da maksimum istifadə etməyə bacarmalıyıq.

Müəllif: İlham Ali Yusif