Adı bir az qəribə görünə bilər. Amma real situasiyadır. Ölkədə iqtisadi və psixoloji böhranın tüğyan etdiyi, hər kəsin hər dəqiqə ikinci devalvasiyanı gözlədiyi günümüzdə daha çox reallıq qazanmış bir situasiyadır. Əslində Tender Effekti nədir. Əlbəttə ki, izah edəcəm. Əvvəlcədən deyim, mənə elə gəlir ki, bu termin Azərbaycana özəldir. Və düşünürəm ki, təzə kəşf etmişəm.
İnanmıram ki, dünyanın hər hansı başqa ölkəsində belə şey mövcud olsun.Tender Effekti barədə danışmazdan əvvəl tender və müsabiqəyə dair bəzi məqamlara diqqət yetirək. Bu məqamlar normal, sivil praktikaya aid nümunələrdir.
Açıq tender
Hər hansı bir şirkət tender elan edir. Bunu mətbuatda və ya TV-də, bəzən də bir neçə mediada bəyan edir. İştirak şərtləri daxilində istənilən şirkət icraçı qismində bu tenderdə iştirak edə bilər. Onlar tender sənədləri hazırlayır və təyin olunmuş vaxta qədər tenderi elan edən şirkətə (və ya dövlət qurumuna) müraciət edirlər. Bir çox hallarda layihənin smetası da həmin sənədlərin cərgəsində olur. Bəzən isə bu, ikimərhələli olur. Öncə tender iştirakçısı ona dair tələb olunan sənədləri təqdim edir. Tender komitəsi şirkətin kriteriyalara uyğunluğunu qiymətləndirir və iştirakçıdan smeta istəyir.
Bütün iştirakçıların təklifləri tender komitəsi tərəfindən qiymətləndirildikdən sonra ən münasib təklif seçilir. Bu zaman qiymət amili əsas götürülür. Lakin bu, o demək deyil ki, ən ucuz qiyməti verən tenderi udur. Xeyr! Keyfiyyət və qiymət amilləri tender elan edən şirkətin tələblərinə ən yaxın olan iştirakçı bir çox hallarda tenderi udur. Bir nüans. Azərbaycan qanunvericiliyinə görə dövlət satınalmalarında iştirak edən şirkət tenderdə iştirak haqqı ödəyir. Bu, tenderin keçirilməsi xərclərini qarşılamaq üçündür.
Qapalı tender
Qapalı tenderdə də, qiymətləndirmə açıq tenderlə eynidir.
Əsas 2 fərq var:
Qapalı tenderdə işin icraçısını seçərkən sənədlərin düzgünlüyü, layihənin daha detallı smetası və şirkətin portfoliosu qiymətləndirilir. Tender komissiyası qiymət amilinə üstünlük verilməklə tenderin qalibini seçir. Qalan iştirakçılara da smeta hazırlamalarına sərf olunan zaman nəzərə alınmaqla müəyyən ödənişlər olunur. İstər qapalı, istər açıq, tender zamanı icraçı sifarişçi üçün smeta hazırlanmasından başqa heç bir real iş görümür.
Açıq müsabiqə
Burda iş sırf müsabiqə yolu ilə seçilir. Sifarişçinin tələblərinə uyğun olaraq istənilən fiziki və ya hüquqi şəxs müsabiqədə iştirak edə bilər. Müsabiqənin qalibi baş mükafatı əldə edir. Əgər 2 və 3-cü yerlər üçün nəsə nəzərdə tutulmuşdusa, onlar da öz mükafatlarını əldə edirlər. Qalan iştirakçılar çəkdikləri əməyin həcmindən asılı olmayaraq heç nə əldə etmirlər.
Qapalı müsabiqə
Burda da iş sırf müsabiqə yolu ilə seçilir. Sadəcə olaraq, müsabiqə qapalıdır və orda yalnız sifarişçinin dəvət etdiyi fiziki və ya hüquqi şəxslər iştirak edirlər. Müsabiqənin qalibi işi (mükafatı) əldə edir. Qalan iştirakçılar əmək sərf edib iş gördükləri üçün müəyyən məbləğdə qonorar əldə edirlər.
Vacib qeyd: Yuxarıdakı qayda sivil praktikada tətbiq olunur. Azərbaycanda isə belə şeylər yoxdur. Çünki bizim sivil olmamıza hələ çox var. Ona görə də Tender Effekti bizdə aktualdır.
Onu da bildirək ki, tenderlər əsasın dövlət sifarişləri və iri layihələr üçün keçirilir. Müsabiqələr isə daha kiçik layihələr zamanı gündəmə gəlir. Azərbaycan bizneslərindəki tender anlayışı çox fərqlidir. Bizdə tender iştirakçısından işi hazırlayıb göstərməsi istənilir. Bildirilir ki, iş bəyənilsə, satın alınacaq. Bəyənilməsə? Bəyənilməsə bəyənilməyəcək də! Noolsun ki, sən burda əziyyət çəkmisən.
Daha anlamırlar ki, belə olmaz! Təsəvvür edin ki, İstanbul Böyükşəhər Bələdiyyəsi tender elan edir. Deyir ki, Bosfor üzərindən körpü tikilməlidir. 10 dənə şirkəti də çağırır tenderə. Deyir ki, hərəniz bir dənə körpü tikin. Hanısınızın tikdiyini bəyənsəm, pulunu ödəyəcəm. Bəyənilməyənləri də söküb apararsınız. Bizdəki tenderlərin mahiyyəti də bax budur. Əslində bizimkilərin tender dediyi tender deyil, yuxarıda adı çəkilən AÇIQ MÜSABİQƏDİR! Müsabiqəni isə elə müsabiqə kimi elan edirlər. İstəyən iştirak etsin…
Və beləliklə, keçək Tender Effekti barədə izahata.
Deməli, müştəri Sizə brif göndərir. İstəyir ki, bu brif əsasında bir konsept və bu konsept əsasında sloqanı-zadı da öz yerində olmaqla bir küçə reklamı dizaynı, bir film ssenarisi (storibordla birgə) və bir də kampaniya saytı üçün dizayn hazırlayasınız. Siz də qollarınızı çirmələyib başlayırsınız işə. Bir həftə, 10 gün işləyirsiniz və işi müştəriyə göndərirsiniz. Daha 1 həftə (bəzən daha çox) keçir və müştəridən belə bir mail gəlir:
“Salam hörmətli ……… müəllim!
Kampaniyamız üçün hazırladığınız işlərə baxdıq. Çox sağ olun! Gözəl işlərdir. Lakin tenderdə başqa bir agentlik qalib oldu. İnşaallah, gələn layihədə Sizinlə əməkdaşlıq edərik.”
Siz bu yazını oxuyursunuz. Ayaq barmaqlarınızın ucundan başınıza qədər içi giziltili soyuq bir dalğa keçir. Gözünüzdən sanki alov çıxır və gözünüz partlamaq dərəcəsinə çatırsınız. Oturduğunuz yerdə sanki bədəniniz quruyur. Qan işləmir. Gözünüzü monitordan çəkə bilmirsiniz. Otaqda, düz qarşınızda kimsə oturubsa uzaqbaşı onun sifətinə dəhşətlə baxırsınız. Qarşınızdakı da sizdən nə olduğunu soruşur. Cavab gəlmədiyi üçün infarkt keçirdiyinizi zənn edib əlini telefona atır ki, təcili yardım çağırsın. Elə bu anda bədəninizdə qan işləməyə başlayır. Və bu qan sizi folklorumuzun, xalq yaradıclığımızın ən dərin qatlarına endirir. Orda gizlənən, çoxdan unudub şəxsi arxaizminizə çevrilmiş olan yaradıcılıq nümunələrini beyninizdə canlandırır və siz başlayırsınız həmin yaradıcılıq nümunələrini sizə maili yazan “müştərinin brendbukuna” daxil etməyə.
Bu, təqribən 2-3 dəqiqə davam edir. Bundan sonrakı 10 dəqiqə ərzində də müştərini “çox yüksək” qiymətləndirməyə davam edirsiniz. Daha sonra normal həyat moduna qayıdırsınız. Təxminən 20 dəqiqə çəkən bu proses Tender Effekti adlanır. Tender Effekti niyə baş verir? Çünki Siz işin əslində tender (oxu, müsabiqə) olduğunu bilmirdiniz. Buna görə də real iş hesab edərək 10 gününüzü bu işə canla-başla sərf etdiniz.
Əslində isə, iş TENDER yox QAPALI MÜSABİQƏ imiş. Özü də AÇIQ MÜSABİQƏ şərtləri ilə. Necə deyərlər, analoqu olmayan, bənzərinə yalnız bir Azərbaycan şirkətində rast gəlinə bilinəcək bir əməkdaşlıq üslubu imiş…
Əlavə qeyd: Bu yazını oxuduqdan sonra bəzi dostlar irad tutacaq ki, tender elə müsabiqə mənasını verir də. Doğrudur, tender-in ingiliscədən mənası “təklif”-dir. Lakin dünya praktikasında qəbul olunduğu kimi iştirak təklifi, qiymət təklifidir. Daha real iş görərək edilən təklif yox. Ona görə də, biz burda tenderlə müsabiqəni dəqiq cizgilərlə fərqləndirdik.
Tender Effekti son dövrlərdə çox geniş yayılıb. Əgər bunu yaşamaq istəmiriksə:
Müəllif: Namiq Bayramov
Mənbə: http://www.namigbay.com