Tələbə böhrandan qazanacaq!

Tələbə böhrandan qazanacaq!
844

Böhran dövründə gəlirimiz sabitdirsə xərcimizi azaldıb daha qazanclı çıxa bilərik. Doğrusu, tələbə üçün demək olar həmişə böhrandır. Amma bu dəfə daha pisi də odur ki, valideynlər böhranda olduğundan tələbəyə demək olar bir şey qalmır. Bunun nəticəsidir ki, valideynlər öz övladlarının kurs, təhsil və müəyyən əyləncə xərclərini azaltmalıdır. Bu vəziyyətdə edə biləcəyimiz mövcud gəlirlə optimal yolu tapmaqdır. Ənənəyə uyğun olaraq burda yazılanlar nəyisə kəşf etmir, sadəcə xatırladır ki, bir az diqqətli olub böhran ilini özümüz üçün necə inkişaf ilinə çevirək..

  • Səhər yuxudan duranda idman edib müəyyən qədər səhər yeməyi yeyin. Sağlamlığınızı düşünmürsüzsə heç olmasa dərmana çəkiləcək xərci düşünüb özünüzü məcbur edin. Siqaret varsa onu atıb- atmamağı heç deməyə də ehtiyac duymuram..
  • Universitetə gedirsizsə “buterbrod”la gedin. Bu ənənəni qrupda yayın, burda utanılacaq bir şey yoxdur. Hətta istəsəz bunu facebook event-inə çevirib cəmiyyətdə müsbət mexanizm təşkil edin. Ən əsası da həm canınıza qulluq edirsiz, həm mənşəyini bilmədiyiniz yeməkdən imtina edirsiz, həm də günlük xərcinizi aşağı salırsız.
  • Kreditlə və universitetə girdiyinizə görə Sizə alınan mobil telefonu qəşəng istifadə edin. Çox sadə.. Appstore və ya PlayStore-da büdcə planlama proqramları var. (Məsələn, “Expense”) Deyə bilərsiz ki, “əşşi mənim nə gəlirim var ki, orda da gəlirimi, xərcimi planlayım?!” Elə deyil əziz insan.  İnsan yazılı və vizual olaraq nəyisə gördüyü halda onun əhəmiyyətini anlayır. Ən azı cəhd edin, Sizdən yalnız bir neçə mb gedir. O da qurban olsun bu blog-a sərf etdiyiniz vaxta.. 
  • İstirahət planlarını təxirə salmaq? Həyatda bir dəfə yaşayırıq, nə zombi kimi əzab çəkməyə ehtiyac yoxdur, nə də qəlyanlarda (xanımlar üçün kosmetik vasitələr) çəkilən xərclə etdiyiniz israfçılığa.. Adamın gününü gözəl edən onun sevdiyi insanlardır. O insanlarla vaxt keçirmək üçün şərt deyil ki pul xərcləyəsiz. Əgər həqiqətən dostsuzsa bir-birinizin evində də çay içib, şəkil çəkib, evi də tag edib instagramda paylaşa bilərsiz. Və ya adama bir velosiped alın, gedin hər axşam sürə-sürə həm canınıza baxın, həm də nə qədər istəyirsiz söhbət edin. İdmançı uşaqlarıq, bizi soyuq tutmaz. :)
  • Sevgilisi olanların işi ağırdı.. Heç nə, bir-birinizi qarşınıza qoyub məsələni başa salın. Unutmayın, necə ki neftin bareli Azərbaycan iqtisadiyyatını sınağa çəkir, bu böhran da Sizin münasibətlərinizi o qədər sınağa çəkəcək. Alnı ağ çıxmaq üçün düzgün kommunikasiyadan istifadə edib xərcli görüşləri azaltmağa razılaşın. Əmin olun, münasibətiniz ciddidirsə daha önəmli dəyərlər qazanacaqsız.

Yorulduz? Darıxmayın, insan hər şeyə öyrəşər, təki istək olsun. 

  • Şəxsi inkişafınıza keçək. Deyəcəksiz bu aclıqda nə inkişaf? Bunu deyən əziz insanlar, yenə səhv edirsiz. Siz bu gün iş tapmaya bilərsiz. Amma sabah iş tapmaq üçün yaxşı baza yığa bilərsiniz. Baxsaz nə qədər eyni xidməti bir arada tutan mərkəzlər var ki, az qala Sizin yerinizə düşünsünlər. Təlim deyirsən verirlər, kitab deyirsən oxutdurur, dil deyirsən öyrədir, hələ üstəlik pulsuz əyləncəni də təmin edir. Qalır sadəcə məsuliyyət və bunlardan zövq almaq.(Məndən soruşsaz IB Club deyərəm, məsləhət Sizindir :) )
  • Bir yaxşı xəbərim də var.. Bir neçə il əvvəl şirkətlər var idi ki, təcrübəçi deyəndə ya ələ salırdı, ya da kserokopiya aparatından bu yana bir şey öyrətmirdi. İndi öz xərclərini aşağı salmaq üçün həmin təcrübəçilərə ehtiyac duyur. Köməkçi tipli işçiləri ixtisar edib qalan vakanat yerləri ya part-time (az ödənişli), ya da könüllülərlə əvəz etməyə çalışırlar. Əziz tələbələr, bu da yaxşı imkandır ki təcrübəni qazanıb dəyərləndirəsiz.
  • Qlamur təbəqə ilə işim yoxdur. Düzü, vəziyyət bir az da belə davam etsə onların qlamurluğunun “q”-si də qalmayacaq amma nə isə.. Ad gününə gedirsizsə, hədiyyə verməyin salamatı kitabdır. Heç demirəm ki, bu inkişaf üçün, təhsil üçün, gələcək üçün önəmlidir. Elə cibinizi də düşünüb bunu etsəz həm özünüzə, həm cəmiyyətə faydanız dəyər. Bir də şərt deyil ki, üstündə brend yazılan geyimləri alıb geyinəsiz. Şərait yaradın bir az “Binə”, “Vasmoyun bazarı”, “28 yeraltı keçid” də qazansın.
  • Youtube kimi əlimizdə sərvət var. İstəsəz, təkrar edirəm İSTƏSƏZ, universitetdə dərs keçmirlər dediyiniz vaxtda, ya elə həmin o dərs keçilməyən auditoriyada youtube açıb nə qədər öyrədici videoya baxa bilərsiz. (məndən soruşsaz “birbirbil” layihəsini qeyd edə bilərəm). Amma qaş düzəldən yerdə vurub gözünü çıxarmamaq üçün internet xərclərinizə də nəzarət edin.
  • Tələbənin yaralı yerlərindən biri sessiya dövrüdür. Rüşvət varsa bu stereotipi heç olmasa öz cibinizə görə qırın. Qruplaşın uşaqlarla sözü bir araya qoyun, imtahana özünüz hazırlaşın, kitab, çap xərciniz də az olsun, özünüz fəxr edərək sessiyanı bitirin. Bacararsız, inanın.

Həə, deməli belə.. əziz bunu oxuyan insan, mən çalışdım ki, bildiklərinizi bir qədər sistemləşdirib Sizə xatırladım, əməl edib-etməmək təbii ki Sizin seçiminizdir. Amma sevinmək də olar bu böhrana. İnamım artıb ki, biz pul xatirinə də olsa sağlamlığımızı qoruya bilərik, yeməyimizə nəzarət edərik, cib dostlarını görərik, sevgimizi ölçərik, inkişaf edərik, pulsuz işləməyi ayıb bilmərik, haqqımızı tələb edərik, rüşvət vermərik – bir sözlə, israfçılıq etmərik. Necə deyərlər, bu xəmir hələ çox su aparacaq. Aparsın, təki bu problemləri aparıb daha sağlam cəmiyyəti qazandırsın.

Müəllif: Kəmaləddin Nəzərli

Mənbə: https://kamaladdinnazarli.wordpress.com