Sənət və gözəllik vurğunu olan qadınlar

Sənət vurğunu olan xanımlar var. Xanım deməyim, hər qadına layiq deyil bu söz. Sənət vurğunu olan qadınlar var. Gözəlliyi qiymətləndirə bilənlər yəni. Onlar həqiqi bir sənət əsəri görəndə, gözəllik görəndə heyran olurlar, hətta ağılları başlarından çıxır, hətta hətta uçurlar. Hətta! Sənət deyərkən gözəlliyə aid olan hər şeyi nəzərdə tuta bilərəm. Məsələn, gözəl bir xanımı da Allahın sənət əsəri hesab etmək olar (əstəğfürullah). Bu sənət nümunəsi rəsm əsəri, heykəl, şeir, hekayə, proza, əl işi, memarlıq nümunəsi, dekorasiya, foto, yaradıcı fikir, divan, kreslo, kitab rəfi və s. ola bilər.Qadınlar belə gözəlliklərin vurğunudurlar.

Onlar özlərindən sonra ikinci bir gözəl kimi belə şeyləri görürlər. Bu onları valeh edir. Vəcdə gətirir. Ağıllarından ilk keçən şey bu əsərə sahib olmaqdısa, ikinci şey bu əsəri yaradanla tanış olmaqdır. Etiraf edək ki, qadınlar heç bir kişiyə belə heyranlıqla baxa bilmir. Onlarçün əvvəl həmin kişiyə heyran olmağa səbəb olacaq daha heyrətamiz bir əsər kəşf etmək vacibdi. Nəi isə, mövzum bu deyil.

Onu deyirdim axı, ağıllarından ilk keçən şey bu əsərə sahib olmaqdısa, ikinci şey bu əsəri yaradanla tanış olmaqdır. Açıq danışmaq lazımdırsa, sənətə, gözəlliyə qiymət verən bir xanımım olmasını istəyərdim (əgər məndə heyran olmağa bir şey tapsa). Çox adam istəyər yəqin. Amma, bəylər, vəziyyət əleyhimizədi. Bir stəkan sərin su götürün, başlayıram izah eləməyə.

Qadınlar tez-tez deyirlər ki, onların sevgisi kişilərə baxanda daha güclü, daha möhkəm olur. Ən darıxdırıcı bir forumda bu məzmunlu mövzu açılsa, gün ərzində bir xeyli ara qarışdıra biləcək həcmli bir söhbətdi bu. Razıyam, qadınlar daha bir başqa sevir. Çünki onlar gözəllik, sənət vurğunudurlar. Onlar heyrətlənməyi sevirlər və sevdikləri kişidə də heyran olmağa bir gözəllik tapırlar (daxili və ya xarici fərq etməz)… məncə taparlar… hmm… hə də tapmamış olmazlar yəqin… hmm… Qəlizdi, amma nə isə. Tutalım ki tapdılar (Şükür sənə ilahi). Vuruldular. Heyranlıq içindədilər. Son on ilin ən böyük gözəlliyi qarşısındadılar, ilahi (Qlamur biri bu yerdə “Belissimo” desin,zəhmət olmasa). Nazlı, altdan-altdan baxışmalar, gülümsəmələr (backvocal: vuhuuuuuuu…).

Yoldaşlar, gözəl səslənir, hə? Kim istəməz gözəllik vurğunu olan bir gözəllik ilahəsi?! (Diqqət! Ritorik sualdır) Sadə, yalnızca səni cəlb edən, ancaq səni məst edən, məftun edən, yalnız və yalnız səndə heyranlıq yaradan, başqaları tərəfindəm sezilməyən bir gözəllik (“Əşi, yaxşı görək” düşündüyünüzü bilirəm). Kişilər belə bir gözələ ömür boyu sadiq qala bilərlər. Buna sadəcə əminəm. Kişiyə yalnız bir qadın belə hisslər bəxş edib onu məsti-xumar edə bilər, qalanlarını isə sadəcə bəyənə bilər. İnsanın gözəllik anlayışı olan bir həyat yoldaşının olması – çox gözəl, çox pakizə.

Bəs qadınlar? (Soyuq tər axmağa başlayır) Onlar gözəllik və sənətdən doymurlar axı. Hər an gözəllik axtarışındadırlar (Hər gün makiyajla yenilənmək buna sadə misaldır).Onları heyrətə gətirəcək yeniliklər hələ çoxdu və təəssüf ki, onlar bu yeniliklərə daha çox vurula bilərlər. Bəli, bəylər, düz oxudunuz, daha çox vurula bilərlər. Problem də burda yaranır. Əllərindəki gözəlliklərlə qane olmur qadınlar. Daha gözəlini istəyirlər. İşimiz çətindi vallah ,bəylər. Başa düşdünüz də yəqin. Ona görə çalışın daim yenilənin, yoxsa gözəllik meyarımızın gözəlliklər siyahısında axıra düşə bilərik. Amanın günüdü, xanımlarınızı daha yaradıcı kişilərdən uzaq tutun =) ya da dediyim kimi tez-tez yenilənin. =)

 Müəllif: Tural Babayev

Mənbə: https://turalfot.wordpress.com