Robotlar işçi qüvvəsinin 33 faizini əvəzləyəcək

Yaponiyada süni intellektə malik robotlar 10-20 ildən sonra insan əməyinin 1/3 hissəsini yerinə yetirəcək.TASS-a istinadən, Nomura Tədqiqat İnstitutunun Oksford Universiteti mütəxəssislərinin iştirakı ilə hazırladığı hesabatda deyilir ki, robotlar supermarket işçiləri, taksi sürücüləri, hotellərdə xidmətçi, mühafizəçi kimi işlərin öhdəsindən gələcək.

Yaponiyada "Nomura Securities" aparıcı investisiya bankının nəzdində fəaliyyət göstərən Nomura İnstitutunun ekspertləri Yaponiyada geniş yayılmış peşələr üçün gərəkli bilik və bacarıqlar üzrə kompüter təhlili aparıb. Robot texnikasının inkişaf proqnozuna əsasən, yaxın gələcəkdə süni intellektə malik robotlar bu tədqiqat çərçivəsində araşdırılmış 601 növ işdən 235-ni yerinə yetirə biləcək. Hazırda Yaponiya əhalisinin təxminən 25 milyon nəfəri (ölkənin iş qüvvəsinin 49 faizi) bu işlərdə çalışır.

Həmçinin araşdırma nəticəsində məlum olub ki, robotlar hələlik aktiv ünsiyyət tələb edən peşələrdə çalışan insanları əvəz edə bilməyəcək. Bu kateqoriyaya, məsələn, həkim, müəllim və ekskursiya rəhbərlərini aid etmək olar. Bütün bunlar həmçinin kreativlik tələb edən musiqiçilər, kinorejissorlar kimi peşələrə də şamil olunur.

Ekspertlər hesab edirlər ki, texnologiyaların inkişafı bir sıra peşələrin yoxa çıxmasına səbəb ola bilər.Tədqiqat Yaponiyada əhalinin sürətlə qocalması ilə əlaqədar keçirilib. Mütəxəssislər hesab edir ki, hazırkı demoqrafik tendensiya saxlanıldığı halda, 2040-cı ildə ölkə əhalisinin 36 faizindən çoxunu 65 yaşdan yuxarı insanlar təşkil edəcək.

Mənbə: http://ikt.lent.az/