Rahat yatmaq istəyənlər üçün qeyd

Əslində yuxu insan üçün olduqca təbbi haldır, bununla belə bir çoxumuz yuxusuzluqdan əziyyət çəkir. Bu xoşagəlməz haldır.Əldə olunan yeni məlumatlara görə yataqda keçirilən vaxt da qida, ünsiyyət, gəzinti kimi fiziki və zehni sağlamlıq üçün olduqca əhəmiyyətlidir. Sağlam gecə yuxusu əhvalın yaxşılaşması, yaddaşın möhkəmlənməsinə kömək edir. Yarımçıq yuxunu alimlər ürək xəstəliklərindən tutmuş şəkərli diabetə kimi bir sıra xəstəliklərlə əlaqələndirirlər.
Bəzən insan bütün gücüylə yatmağa çalışır ancaq çox vaxt əks effekt alır – yuxu heç cürə gəlmir. Bunun üçün bir sıra üsullar düşünülüb. Bəs bu üsullardan hansı kömək edir?

1.Axşamlar kofein tərkibli içkilər içməyin
Axşamlar kofein qəbul etməmək – bu məsləhətdən xəbərdar olsaq da onu təkrar etməkdə fayda var. Ancaq belə görünür ki, bu barədə özümüzə elə də çox məhdudiyyət qoymamalıyıq. Əgər günorta qəhvə içmisinizsə bu zaman axşam saat 11-də kofeinin çox hissəsi artıq orqanizmdən çıxmış olacaq.
Yatmazdan ən azı 6 saat öncə qəhvə və ya çay içməmək yaxşı fikirdir. Ancaq alimlərin bu vaxt çərçivəsindən kənara çıxaraq kofein tərkibli içki qəbul etməməyin əhəmiyyəti barədə də dəqiq sübutları yoxdur. Bunu da qeyd etməliyik ki, kofein insanlara müxtəlif təsir göstərir: genetik xüsusiyyətlərimizə görə bəzilərimizə daha az təsir edir. Buna görə də orqanizminizn reaksiyasına diqqət yetirin.

2.Yuxu gündəliyinizi tutun
“Yuxu gigiyenasını” yaxşılaşdırmaq və dərin yuxu üçün spirtli içki qəbulunu azaltmaq, mütəmadi fiziki məşğələlər etmək, günortalar mürgüləməmək, və dəqiq rejimə əməl etmək lazımdır.
Bir də sözsüz ki, yatmazdan 1 neçə saat öncə xoşagəlməz və ya çətin işlərlə məşğul olmamaq! – söyləmək asandır. Bəzi mütəxəssislər sizə pis vərdişlərdən qaçınmaq üçün, gündəlik tutaraq orada yatmazdan əvvəl gördüyünüz işlər barədə qeydlər aparmağı məsləhət görür.

3. İşıq saçan elektron kitabları kənara qoyun
Mütaliə öz-özlüyündə yuxugətirici təsirə malik olsa da yeni texnologiyaların axını bu sahəyə özüylə birgə maneə də gətirib. Bir çox elektron kitablar aktiv matrisa və ya mavi diapazonlu işıqlanmaya malikdir ki, bu da öz növbəsində beynimizi gün işığının hələ bitmədiyinə inandırır. Bu yaxınlarda aparılan tədqiqatlar göstərmişdir ki, adı kağızdan ibarət kitabdan (və ya işıq saçmayan elektron kağız qurğudan) fərqli olaraq yatmazdan öncə bu qurğulardan mütaliə etmək orqanizmdə melatoninin (bu hormon, sutkalıq ritmi tənzimləyir) səviyyəsini aşağı salır və yuxuya getməyi çətinləşdirir. Bu eynilə planşet, kompüter və smartfonlara da aid edilir. Buna görə də yataq otağında köhnə kağız nəşrlərlə kifayətlənmək daha yaxşı olar.

4. “Yuxu gətirən yeməklər” yeyin
Belə bir deyim var gecələr pendir və şokolad yemək gecə kabusuyla nəticələnir. Buna hələ elmi sübutlar olmasa da, sözsüz ki pəhriz tez yuxuya getməyə və yuxunun keyfiyyətinə təsir edir. Karbohidrat və zülallarla zəngin, tərkibində az miqdarda yağ olan yeməklər yatmazdan ən azı 1 saat öncə yediyiniz halda yuxunuzun uzun və möhkəm olmasına kömək edir. Tərkibində triptofan (bir sıra neyromediatorların mühüm xəbərçisi) və yuxarıda xatırlatdığımız melatonin olan qidalar sutkalıq ritmlərimizin tənzimlənməsinə və beyni sakit gecəyə hazırlamağa kömək edə bilər. Tədqiqatlara əsaslanaraq bu yaxınlarda aparılmış analizlər göstərmişdir ki, təxminən 300 qr hinduşka, 200 qr balqabaq tumu və ya bir stəkan vişnə soku orqanizmi bu elementlərin lazımi dozasıyla təmin edə bilər – amma yenə də bu fikir elmi yöndən sübuta yetirilməyib.

5. Yatış vəziyyətinizi dəyişin (ya da diceriduda ifa etməyi öyrənin)
Yuxusuzluq apnoe sindromuyla bağlı ola bilər, bu zaman yuxuda ikən nəfəs yolları müvəqqəti olaraq bağlanır (bloka girir). Bu sindromu xoruldamaqla da əlaqələndirirlər. Çox zaman bundan əziyyət çəkən insanlar gecənin ortasında qəfildən nə səbəbdən oyandıqlarını heç anlamırlar – bu isə dəfələrlə baş verə bilər. Bu sindrom bir neçə səbəbdən yarana bilər, ancaq bir çox hallarda qarnı üstə və ya yanakı vəziyyətdə yatmaqla bu problemi asanlıqla həll etmək olar. Digər qeyri-standart metodlardan biri də – avstraliya aborigenlərinin nəfəsli musiqi aləti olan didceriduda ifa etməyi öyrənməkdir. Həmin bu alət nəfəs əzələlərini möhkəmləndirir. British Medical Journal-da kiçik bir tədqiqatın nəticəsinə əsasən bu alətdə ifa etməyi öyrənən, üzərində təcrübə aparılan şəxslərdə rahat yatmaq və nadir hallarda gecə yarısı oyanmaq kimi hallar müşahidə olunmuşdur. Çox güman ki, bu hər kəs üçün yaxşı variant deyil, xüsusən də əsəbləri zəif qonşuları olan şəxslərə bu variantı məsləhət görmək olduqca çətindir.

Yəqin siz özünüz də artıq yuxusuzluqdan qurtulmaq üçün 100 % təsir göstərən vasitənin olmadığını anlayırsınız. Ancaq hər halda sizə yatmağa əngəl törədən müxtəlif faktorları nəzərə almaraq, onları təcrübədən keçirib, həmin eksperementlərin təsirli olub-olmadığını aydınlaşdırmaq olar. Hər halda bu qoyunları saymaqdan daha yaxşıdır.