Qloballaşan dünyada inflyasiya

Dünya iqtisadiyyatının qloballaşma şəraitində milli iqtisadiyyatın bütün sahələrində inflyasiyanın dəyişməsi və iqtisadi artım günün vacib məsələlərindən biri hesab edilir. İnflyasiya əmtəə və istehsal amillərinin qiymətlərinin ümumi səviyyəsinin yüksəlməsidir. O, pulun dəyərsizləşməsi, onun alıcılıq qabiliyyətinin aşağı düşməsi, qiymətlərin qalxması, əmtəə qıtlığı, əmtəə və xidmətlərin aşağı keyfiyyətdə olmasını özündə əks etdirir. İnflyasiyanın dərin səbəbləri həm tədavül (dövriyyə), həm də istehsalat sferasında yerləşir və tez-tez dövlətin siyasi münasibətlərində özünü biruzə verir.
İnflyasiya hər bir halda iqtisadi artıma təsir edir. Bu təsir bir çox amilləri özündə xarakterizə edir. Bunlardan biri də bazar iqtisadiyyatının prinsiplərinə uyğun olan investisiya layihələrinin qiymətləndirilməsidir. Belə ki, investisiya layihələri qiymətləndirilərkən inflyasiyanın şərtlərindən aşağıdakı amillərin nəzərə alınması vacibdir:

1. Manatın inflyasiyasının ümumi indeksi;
2. Manatın valyuta məzənnəsinin proqnozları;
3. Məhsula və resurslara qiymətlərin vaxta görə dəyişmələrinin proqnozları, eləcə də perspektiv üçün orta əmək ödənişləri və digər göstəricilərin səviyyəsinin dəyişmə proqnozları;
4. Vergi dərəcələri, rüsumlar, Respublikanın yenidən maliyyələşdirilmə dərəcəsi və dövlət tənzimlənməsi üzrə digər maliyyə perspektivləri.

Qərb iqtisadçıları inflyasiyaya — qiymətlərin qalxması faktorlarının təhlili baxımından istehlakçının tələbatının formalaşması, əmtəə və xidmətlərin təklif qiymətlərinin formalaşmasına təsir edən tələb və təklifin nisbəti prizmasından yanaşırlar. Bu faktorlar iki növ inflyasiya yaradır:
1. Tələbat inflyasiyası;
2. Xərclər inflyasiyası.

Hazırda tələbat inflyasiyası pul kütləsinin "şişirdilməsi" nəticəsində əmələ gəlir və bununla əlaqədar olaraq ödəmə qabiliyyətli tələbatın hazırkı qiymətlər səviyyə-sində istehsalın elastik olmayan şəraitində də bazarın tələbatını tez ödəmək qabiliyyətini itirir. İqtisadiyyatın istehlak imkanlarını qabaqlayan bir tələbat belə qiymətlərin qalxmasına gətirib çıxarır. Xərclərin inflyasiyasında qiymətlərin qalxmasına adətən istehsalat xərclərinin artması və əmək ödənişi məsrəflərinin yüksəlməsi mövqeyindən baxırlar. Əmtəələrin qiymətlərinin qalxması əhali gəlirlərinin aşağı düşməsinə səbəb olur və bu da əmək haqqının indeksassiya olunmasına gətirib çıxarır. Onun artırılması məhsul istehsalına çəkilən xərclərin artması, gəlirin və mövcud qiymətlərlə buraxılan məmulatların həcminin azalması ilə nəticələnir.

Ümumiyyətlə, inflyasiya proseslərinin inkişafında ən böyük rolu xarici iqtisadi faktorlar oynayır. Bu, ölkənin aktiv surətdə idxal əmtəələrindən istifadə etdikdə özünü göstərir. Dünya bazarında xammal və enerji daşıyıcılarının qiymətinin qalxması nəticədə əmtəələrin bahalaşmasına, xərclər inflyasiyasının artmasına gətirib çıxarır. Qiymətlərin qalxması tempindən asılı olaraq inflyasiya təsnifatlaşdırılır. İlk olaraq, onu qeyd etmək lazımdır ki, inflyasiyanın növləri müxtəlif meyarlar baxımından müəyyən olunur. Qiymətlərin artması sürətindən asılı olaraq inflyasiyanın aşağıdakı növləri vardır.

1. Mülayim inflyasiya — qiymətlər ildə 10 faizə qədər qalxır, pulun dəyəri mühafızə olunur.
2. Sarsıdıcı inflyasiya — il ərzində 20 faizdən 200 faizədək artır, pul sürətlə əmtəələrdə maddiləşdirilir, müqavilələr qiymətin qalxması ilə uzlaşdırılır.
3. Dağıdıcı (hiper) inflyasiya — qiymətlər astronomik sürətlə qalxır, cəmiyyətin yüksək səviyyədə təmin olunmuş hissəsinin belə rifahı aşağı düşür.

Müasir iqtisadiyyat öz təbiəti ilə inflyasiyalı olduğuna görə antiinflyasiya siyasətinin həyata keçirilməsi inflyasiya üzərində ciddi nəzarətin təmin edilməsi və qiymətlərin sürətlə artmasının qarşısının alınmasına əsaslanır. İnflyasiyanın konkret yaranma səbəbləri daxili və xarici faktorlardan asılıdır. Daxili səbəblərə pulun hədsiz emissiyası (pul buraxılışı), əsaslı tikintinin çox böyük miqyası (böyük pul kütləsinin hələ gəlir verməyən sahəyə axını), kredit ekspansiyası, əmək haqqı və qiymətlərin əsassız artırılması aid edilir.

Bazar iqtisadiyyatı şəraitində normal bazar münasibətləri yaratmaq üçün inflyasiya prosesində aşağı salınma yolları diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət hər şeydən əvvəl çevik vergi siyasəti yürütməklə qiymətli kağızların satışını və pul buraxılışını inflyasiya səviyyəsinə uyğun artırmalı və malların azad dövriyyəsini təmin etməlidir.

Mənbə: http://kayzen.az/blog/maliyye/18055/qloballa%C5%9Fan-d%C3%BCnyada-inflyasiya.html