Pislik və yaxşiliq haqqinda

Bugünlərdə ölkəmizdə olan TED-ə çıxışa mənə dəvət veriblər və mövzunu təyin etmək üçün bəzi ətrafımızda olan hadisələri müşahidə etməyə başlamışam. Son vaxtlar bir məsələnin şahidi oluram – bizim yaxşılıq dediyimiz, ətrafımızdakıların bizə qarşı etdiklərinə görə çox sağ ol demək istədiyimiz məsələləri təhlil etdikdə hiss etdim bu əməllərin heç biri bizə xeyr verməyib. Başqa sözlə desək insanların etdikləri təsir müddətinə görə: uzun və qısamüddətli effektə malikdir. Yaxşılıqlar – qısamüddətli, pisliklər bizim üçün uzunmüddətli faydalar verir. Bizə yaxşılıq etmiş olanlar, əslində bizə ziyanlıq edirlər və əksinə. Bilirsiz niyə?!

İlk əvvəl qeyd edim ki, niyələr barədə danışmaq üçün mən öz təcrübəmdə olanlar barədə Sizə 3 hadisə danışacam. Amma hələlik fikirlərimi daha sadə formada ifadə etməyə çalışım.

Biz kiməsə yaxşılıq etmiş olduqda adətən onu hansısa bir problemdən azad etmiş oluruq. Özünüz diqqət edin. İnsan (yaxşılıq etdiyimiz) süni yolla daha yaxşı bir mühit əldə edir. Nəticədə yaxşılıq etdiyimiz insan rahatlaşır və tezliklə daha böyük bir problemli qarşılaşır. Biz ona yaxşılıq etməsəydik o özü öz problemini həll edəcəkdi və daha güclü olacaqdı.

Misal №1. İkinci kursda oxuduğum zaman mən şahmat yarışlarına aktiv şəkildə gedirdim və Afinada Avropa Çempionatı keçiriləcəkdi. Yarış sesiya vaxtına düşdü. Mənim 3 imtahanım var edi və bu imtahanlardan ikisi mənə heç şərtsiz “əla” qiymət yazdı. Sizində diqqət etdiyiniz kimi, mən bu iki fənnin adını belə bilmirdim. AMMA üçüncü dərsdə müəllim dedi ki, mən heç bir şəkildə qiymət yaza bilmərəm. Nəticədə mən böyük çətinlik hesabına bu fənni öyrəndim (fənn Statistika edi) və nəticədə özüm imtahan verərək, çətinliklə “yaxşı” aldım.

Nəticədə o müəllim mənə guya pislik, digərləri isə yaxşılıq etmişdilər… AMMA bugün mən başa düşürəm ki, düzdür qısamüddətdə mənə “əla” yazanlar yaxşılıq etmişdi… AMMA əslində o mənə pislik kimi göründü.

Misal №2. Uzaq yola çıxan sürücü təsəvvür edin. Sürücü yol qaydalarını pozur. Onu saxlayıb ştraf yazan polis əlbəttə, sürücüyə pislik etmiş olur. Biz az qala həmin polisə söymək istəyirik və s. Amma əslində dərindən düşündükdə aydın şəkildə görürük ki, polis bizə uzunmüddətli perspektivdə xeyr, yaxşılıq edib. Çünki biz bugün şərti 50 manat itirsəkdə sabah bəlkədə həyatımızı qorumuş oluruq. Eyni şey digər hüquq mühafizə orqanlarının xidmətinə aiddir. Qısa müddətli dövrdə nəyəsə yaxşı görünmək üçün edilənlər əslində pislik kimi nəticələnir.

Konkret sözü gedən halda hansısa qanunsuzluğu barışmaz olan polis əslində yaxşılıq etmiş olur. Çünki bununla o bizi daha böyük cinayətlərdən qoruyur. Biz daha ehtiyyatlı oluruq. Nəticədə hər şeyi daha yaxşı gedir.

Misal №3. Biznesdə çətin vəziyyətlər olduqda insanların çoxu borc almaq üçün kiməsə müraciyyət edirlər. Borc verməklə əslində ilk baxışdan borc alana yaxşılıq etmiş olur. AMMA və LAKİN. Bu heçdə belə deyil. Birincisi ona görə ki, real biznes mütləq öz “şirəsində” bişməlidir. Biznesə kənardan tökülən “yağ” heç vaxt müsbət effekt vermir, çünki biznes qıraq təsirdə səhv idarə edilmiş olur. Eləcədə borc vermək və ya borcun ən dəhşətlisi kredit almaq biznesi məhv edə bilər. Axı düzgün idarəetmə bir mənalı şəkildə resursların sistemli idarəedilməsindən keçir.

Məmur bizneslərini fikir verin. Hər biri çox ehbəcər formada idarəedilir. Səbəb?! Səbəb orda olan pulların “göydən” gəlməsidir. Azərbaycanda icra başçılarının, nazirlərin və s. bizneslərin 90% bərbad idarəedilir, çünki biznes öz şirəsində bişmir. Məmurların qoyduqları pullarla biznesə ziyan vururlar. Yaxşılıq edirlər… amma əslində qətiyyən elə deyil!

Əziz oxucu, yaxşılıq anlayışı ümumiyyətlə çox subyektiv görünür. Xahiş edirəm Sizə edilən “yaxşılığı” təhlil edin və görəcəksiniz ki, bu məsələyə fərqli formada yanaşmaq olar və əslində bu zaman yaxşılıq bir o qədər yaxşı olmadığını görəcəksiniz. Düşünməyə dəyər!?

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com