Müəyyən bir yaşa çatdıqdan sonra

Müəyyən bir yaşa çatdıqdan sonra
641

Bu müəyyənlik əslində elə qeyri-müəyyənlikdir. Fəlsəfəli olmasın, amma istərdim bəzi insanların 25, bəzilərinin 30, bəzilərinin 40 yaşında karyera-fərdi inkişaf tandemində çıxan problemlərə öz fikirlərimi bildirim. Təbii ki, yaşım sadəcə hələ bu yaxınlarda 28 olacağından özümdən böyüklərlə bağlı fikirlərdə sadəcə müşahidələrimə əsaslanıram. Dediyim kimi buradakı ‘müəyyən yaş’ nisbidir. Kimsə 25 yaşında şişir oturur, kimsə həyatının sonunadək fəaliyyətdə olur.

Mən bildiyim mənə bəs edər
23 yaşında MBA bitirmək bir tərəfədən yaxşıdır ki, biznesə daha böyük biliklə başlayırsan. Digər tərəfdən isə MBA oxunmalı əsl vaxt olan 30-32 yaşda, ‘Əşi, MBA oxudum da, elə xeyri olmadı’ deyib gileylənirsən. Bizlərdən çoxunun valideynləri 90-cı illərin ‘elmini’ öyrənməkdə çox gecikdi deyə və ya ümumiyyətcə heç bir addın atmadı deyə uşaqlar həm karyera planlaması, həm də bir sıra məsələlərdən xəbərsiz oldular.

Fikirləşirlər ki, indiki gənclər çox ‘korlanıb’
Korlanmış gəncdən isə heç nə öyrənmək olmaz. Əslində müəyyən yaşa çatmağı həm də gənclik ruhundan çıxmaq da demək olar. Bu insanlar da elə ya sahələri üzrə, ya da ümumi mənada özlərini ağsaqqal, ağbirçək hesab edib gənclərin bilik və təcrübələrini əksər hallarda qəbul etmirlər. Ya da hər zaman özlərini onlardan üstün sayırlar. Əslində isə həmişə nəsillərarası fikir ayrılıqlıqları və mübahisələr olub. Bu da korlanmaq deyil. Bu arada deyim ki, Baku 2015 iş təcrübəmdən gənclərlə bağlı bu günlərdə maraqlı yazı təqdim edəcəyəm.

Həyatda əsas təcrübədir
Təcrübə çox vacibdir. Bunu bilirik. Amma təcrübə qazandığımız platformada təcrübələr rutinləşəndə bu artıq yeni təcrübələr olmur. Bir şirkətdə 10 illik təcrübə nə qədər vacibdirsə hətta öz kateqoriyanız üzrə lider şirkət olsanız belə digər sahələrdəki şirkətlərin, konsultantların, innovativ gənclərin yeni yanaşmalarını bilik kimi öyrənməkdə ayıb heç nə yoxdur. Halbuki bu cür insanlar kitab nədir, heç biznes jurnallarını belə özlərinə yaxın buraxmırlar. Əgər şirkət özü də təlimə önəm vermirsə onda vəziyyət gərgindir.

Bəs bunun nəticəsi necə olur?

  • İşçilər ‘əzilir’

Belə insanlardan ən böyük zərbəni elə işçilər alırlar. Özünü təsdiq etmək üçün bu insanlar yersiz yerə sərt, kobud, nəyisə bəyənəndə qeyri-səmimi təbriklər edirlər ki, bu da işçilərarası münasibətlərdə inamı pozur, motivasiya azalır.

  • Effektiklik düşür

Özü də sadəcə insanın öz effektivliyi deyil, çalışdığı şöbənin, işlədiyi layihənin ümumi işində innovasiyalar az olur və effektlik getdikcə azalır. Belə bir mühitdə çalışan ağıllı insanlar burada qaçır, digər ‘müəyyən yaşa çatmışlar’ isə başlarını aşağı salıb işləyirlər.

  • Karyerada sadəcə əməkhaqqı artımı olur

Əgər inflayasiya da varsa onda bu artım də əhəmiyyətsizləşir. Deyə bilərsiniz belə insanlar tanışlıqları hesabına qabağa gedir. Ola bilər ki, tanışlıq və ya şirkətdəki iş təcrübəsinə əsasən vəzifə yüksəlişi olsun. Amma passiv irəliləmələrin yaxşı olmadığını indiki böhran şəraitində də görmək olur.

Belə bir qrup da var
Bütün yuxarıdakılarla yanaşı belə bir qrup insanlar da var ki, onlar əslində inkişafa və karyera yüksəlişinə acdırlar. Amma tənbəldirlər, ya da şəraitsiz bir yerdədirlər. Bu tip insanlarda isə daha çox gizli aqressiya olur. Xüsusən də orta menecmentə illərdir qalan insanlar sağlam olmayan iş mühitində daha da aqressivləşir və yuxarıdakı insan tipindən heç də fərqlənmirlər.

Deyə bilərsiniz ki, bu dəqiqənin özündə ətrafımızda bu qədər belə insan var, bəs onlarda bununla bağlı müsbət deyiləsi heç nə yoxdur?! Təbii ki var. Sadəcə içi özümüz qarışıq bu barədə mənfiliklər haqqında düşünək ki, müəyyən yaşı tez qarşılamayaq.

Müəllif: İlham Ali Yusif